Milli Məclisin gənclər və idman komitəsinin iclası keçirilib
Oktyabrın 24-də Milli Məclisin gənclər və idman komitəsinin iclası keçirilib.

İclasda “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” haqqında yeni qanun layihəsi müzakirə olunub, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” qanunda, Cinayət və Cinayət-Prosessual məcəllələrində dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxılıb.

Qeyd edilib ki, “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” haqqında yeni qanun layihəsinin hazırlanmasında məqsəd milli qanunvericilik bazasının təkmilləşdirilməsidir.

Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, 8 fəsil 42 maddədən ibarət qanun layihəsinin hazırlanması ilə bağlı müxtəlif əlaqədar qurumların mütəxəssislərindən ibarət yaradılan işçi qrupu xeyli iş görüb, bu sahədə mövcud olan beynəlxalq təcrübə yaxından öyrənilib. Bu gün Beynəlxalq Antidopinq Təşkilatı dünyada idmançılara 7 mindən çox dərmandan istifadəyə qadağa qoyub. Dopinqdən istifadə edən idmançılara, federasiyalara qarşı sanksiyalar tətbiq olunur. Bu, idmanın inkişafı baxımında dünyada müsbət qiymətləndirilir. Bu dərmanlardan 3 dəfə istifadə edən idmançılar idmandan bir dəfəlik uzaqlaşdırılır. Azərbaycanda da bu məsələ daim diqqətdə saxlanılır. Gənclər və İdman Nazirliyinin tərkibində antidopinq komissiyası fəaliyyət göstərir. Ölkəmiz bu sahədə müvafiq beynəlxalq sənədlərə qoşulub. 2004-cü ildə Dünya Antidopinq Agentliyi də fəaliyyət göstərir. Dünyada dopinqə qarşı mübarizə tədbirləri getdikcə daha da sərtləşdirilir. Son zamanlar dünya idman arenasında baş verən hadisələr bu məsələyə diqqəti daha da artırıb.

Belə bir qanunun idman sahəsi üçün vacibliyini vurğulayan gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın idman ölkəsi olduğunu bildirib. Nazir son illər ölkəmizdə idman sahəsində əldə olunan uğurlardan və idmançılarımızın qazandıqları çoxsaylı medallardan, Azərbaycanda keçirilən mötəbər yarışlardan danışaraq ölkəmizin dopinqə qarşı mübarizə sahəsində beynəlxalq sənədlərə qoşulduğunu diqqətə çatdırıb. Əlavə edib ki, bu sahədə milli qanunvericilik bazasının yaradılması və dopinqə qarşı mübarizə idmançıların sağlamlığının qorunması baxımından da vacibdir.

Qanun layihəsi ilə bağlı təklif və tövsiyələrlə çıxış edən Milli Məclisin hüquq siyasəti və dövlət quruculuq komitəsinin sədri Əli Hüseynli də belə bir sənədin qəbulunu vacib hesab edib. Bildirib ki, Azərbaycanda idman getdikcə daha da inkişaf edir. Ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərin sayı isə artmaqdadır. Bütün bunlar, eləcə də sonuncu Olimpiya Oyunları ərəfəsində bu məsələnin siyasiləşdirilməsi bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi zərurətini yaradır.

Çıxışlarda qanun layihəsi ilə bağlı müxtəlif təklif və tövsiyələr səsləndiriblər.

İclasda gündəlikdə duran digər məsələlərə də baxılıb. Bildirilib ki, idman yarışların manipulyasiyası ilə bağlı cinayət və cinayət prosessual məcəllələrinə, “Bədən tərbiyəsi və idman” haqında Qanuna edilən əlavələrə əsasən qadağan olunan idman manipulyasiyasının qarşısının alınması üçün cəza sanksiyaları nəzərdə tutulub.

Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Xəbər 671 dəfə oxundu.