Xocalı soyqırımına həsr olunmuş anım turniri başa çatdı
Şağan Olimpiya İdman Kompleksində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş cüdo üzrə ənənəvi beynəlxalq turnir başa çatıb. Yarışın baş hakimi Zaur Babayevin idman.com.az saytına verdiyi məlumata görə, fevralın 25-də start götürmüş beynəlxalq yarışın ikinci günündə də, təmsilçilərimiz fərqləniblər. Belə ki, cüdoçularımız Orxan Fərzəliyev (34 kq), Knyaz Mahmudov (50 kq), Elvar Abdullayev (60 kq) hamıdan güclü olduqlarını nümayiş etdirərək, fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. 42 kq-da Kazaxıstan idmançısı Sunqat Zubatkan, +66 kq-da isə Gürcüstan cüdoçusu Otari Dartavelidze birinci yeri tutub.

Yarışın keçirilməsinə maddi və mənəvi dəstək verən türkiyəli iş adamı Osman Gezeker turnirin yüksək səviyyədə keçdiyini qeyd edib: «Bir neçə gündür ki, tarixin ən ağır soyqırımı cinayəti sayılan Xocalı genosidi bütün dünyada qeyd edilir, erməni faşistlər lənətlənir. 350-dən artıq cüdoçunun iştirak etdiyi bu turnir Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuşdu. 20 il bundan əvvəl erməni cəlladları qoca, uşaq demədən xocalılara qarşı vəhşilik törətdilər.

Bu vəhşilik bütün insanlığa və bəşəriyyətə qarşı törədilmişdi. Beynəlxalq turnirə qatılan xarici ölkələrin yeniyetmə idmançıları da XX əsrin ən ağır cinayəti sayılan Xocalı soyqırımına həsr olunmuş turnirdə iştirak etməklə xocalıların xatirəsini andılar. Azərbaycanın yeniyetmə cüdoçuları bu yarışda yüksək nailiyyət əldə etməklə bir daha mübariz olduqlarını sübut etdilər».
Qeyd edək ki, beynəlxalq turnir Gənclər və İdman Nazirliyi, Cüdo Federasiyası, Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və «Özkaya Group» şirkətinin sponsorluğu ilə keçirilib.


Xəbər 1376 dəfə oxundu.