Kikboksinq üzrə Naxçıvan şəhər birinciliyinin qalibləri məlum olub
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində yeniyetmə və gənclər arasında kikboksinq üzrə keçirilən Naxçıvan şəhər birinciliyində 12 çəki dərəcəsində 70 idmançı mübarizə aparıb.

Naxçıvan Muxtar Respublikasının Şərq Döyüşü Sənəti Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən birincilikdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının sədr müavini Cavanşir Salayev yarışın qaydaları haqqında idmançılara ətraflı məlumat verdikdən sonra yarışa start verilib.

Yarışın yekun nəticələrinə əsasən, İsa Yaqubov, Uğur Əliyev, Akif İsmayılov, Əli Abdullazadə, Səhhət Əsədov, İsmayıl Yaqubov, Elvin Baxışov, Yasin Babazadə, İbrahim Səfərov, Həsən Kərimov, Fərman Rzayev və Məmməd Məmmədli müvafiq olaraq 24, 26,5, 29, 33, 36, 39, 42, 45, 48, 51, 54, 75 kiloqram çəki dərəcələrində bütün rəqiblərini məğlub edərək birinciliyin qalibləri olublar.

Sonda hər çəki dərəcəsində yer tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.


Xəbər 968 dəfə oxundu.