Qadın həndbolçularımız Arazın o tayında yenə sevindi
Qadın həndbolçulardan ibarət milli komandamızın üzvləri Səbinə Babayeva, Sultanə Tağıyeva və Valentina Kulikovanın çıxış etdikləri «Samenalhojaj» klubu, İran Super Liqasında növbəti matçına çıxıb. İdman.com.az saytının məlumatına görə, XIII turda rəqib «Şahtari» komandası olub. Kerman şəhərində baş tutmuş oyunda qonaqlar 34:19 hesabı ilə qalib gəliblər.

Həmişə olduğu kimi, yenə avanqard rolunu həmyerlilərimiz oynayıblar. Millimizin üzvləri bu dəfə rəqib qapısından 16 top keçirib, 5 penalti qazanıblar. Bu nəticədən sonra Səbzivar təmsilçisi xallını 26-ya yüksəldib.

Xatırladaq ki, ötən tur «Şiraz-2» komandası üstəyən «Samenalhojaj» vaxtından əvvəl çempionluğu bayram edib.
8 komandanın mübarizə apardığı Super Liqada oyunlar martın 1-də başa çatacaq. Həmin gün həndbolçularımız «Kordestan»ı qəbul edəcəklər.

KAMRAN

Xəbər 1294 dəfə oxundu.