Karateçilərimiz DÇ-yə yollanır
Karate üzrə Azərbaycan milli komandası dünya çempionatına yollanır. Azerisport.az xəbər verir ki, 25-30 oktyabr tarixlərində Avstriyanın Linz şəhərində karateçilərin iki ildən bir keçirilən ən mötəbər yarışında 16 idmançımız iştirak edəcək.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Dünya Karate Federasiyası (WKF)Texniki komitəsinin üzvü Yaşar Bəşirovun rəhbərliyi ilə nüfuzlu çempionata yollanan karateçilərimiz həm fərdi, həm də komanda yarışlarda mübarizə aparacaqlar.

Federasiyanın birinci vitse-prezidenti və baş məşqçi vəzifəsini müvəqqəti icra edən Rəhman Hətəmov, eləcə də köməkçi məqşçilər Şahin Xudaverdiyev, Seymur Hüseynov və Rəşad Hüseynov fərdi kumite yarışlarında Firdovsi Fərzəliyevin (-60 kq), Rafiz Həsənovun (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (-84 kq) və Asiman Qurbanlının, qadınlardan isə Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyevanın (+68 kq) heyətə salınmasına üstünlük veriblər.

Kişilərin komanda kumite yarışlarında Niyazi Əliyev, Rafiz Həsənov, Rafael Ağayev, Ayxan Mamayev, Şahin Atamov, Asiman Qurbanlı və Orxan Heydərli mübarizə aparacaq. Qadınların komanda yarışlarında isə Nuranə Əliyeva, İlahə Qasımova, İrina Zaretska və Fəridə Əliyevadan ibarət heyət çıxış edəcək.

Fərdi kata yarışlarında baş məşqçi Vahid Ayvazov Roman Heydərovla Neda Rezainin çıxış etməsinə qərar verib. Kataçılar komanda yarışlarına qatılmayacaqlar. Para-Karate üzrə dünya çempionatına ilk dəfə ölkəmizi də təmsil olunacaq. 26 öıkədən 72 idmançının qatılacağı fiziki qüsurlu karateçilərin kata çıxışlarında Sahib Əhədov meddallar uğrunda yarışacaq.

Beynəxalq hakimlərdən Cahangir Babayev, Yusif Məmmədov, Vüqar Kərimov, Anar Allahverdiyev və Nərgiz Mehdiyeva dünya çempionatının referiləri arasında olacaqlar. Onlar həmçinin dərəcələrini yüksəltmək üçün yarışdan əvvəl WKF Hakimlər komitəsinin kurslarında iştirak edərək sonra imtahan verəcəklər.

Dünya çempionatında 112 ölkədən 1024 karateçi tatmiyə çıxacaq. Karate Olimpiya oyunlarına daxil edildikdən sonra ilk dünya miqyaslı bu yarış tam fərqli formatda keçiriləcək. Çempionatdan operativ məlumatlar və canlı yayımlar, federasiyanın internet səhifəsində Media və İctimaiyyətlə işlər xidməti tərəfindən təqdim olunacaq.

Linz şəhərində 23-cü dünya çempionatından əvvəl, 25 oktyabrda WKF-in növbəti Konqresi keçiriləcək. Ertəsi gün isə bu nüfuzlu təşkilatın İcraiyyə komitəsinin iclası olacaq. Hər iki tədbirdə Tokio 2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən karate ilə bağlı geniş müzakirələr aparılacaq, konkret işlərə başlanacaq.

24 oktyabrda səfərə çıxan karateçilər ayın son günü vətənə dönəcəklər.

Xəbər 642 dəfə oxundu.