Azərbaycan ilə Yaponiya arasında idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Oktyabrın 20-də Dünya İdman və Mədəniyyət Forumunda iştirak etmək üçün Tokioda səfərdə olan gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Yaponiya Nazirlər Kabineti nəzdində Olimpiya Agentliyinin rəhbəri, Baş nazirin səhiyyə və idman məsələləri üzrə xüsusi müşaviri Takeo Hirata ilə görüşü keçirilib.

Azərbaycan nümayəndə heyətini Tokioda salamlamaqdan məmnun olduğunu bildirən T.Hirata, Braziliyada keçirilən “Rio-2016” Olimpiya və Paralimpiya Oyunlarında idmançılarımızın qazandığı uğurlar münasibətilə təbriklərini çatdırıb.

Gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, Azərbaycanda son illər idman sahəsində çox böyük işlər görülüb, ölkəmiz beynəlxalq yarışların yüksək səviyyədə təşkil olunduğu məkanlardan birinə çevrilib. Son iki ildə Azərbaycanda birinci Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası və “Formula-1” kimi yüksək səviyyəli beynəlxalq yarışlar keçirilib. Azərbaycanda idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verən nazir deyib ki, son illər çoxsaylı yeni idman arenaları, Olimpiya idman kompleksləri istifadəyə verilib, bir çoxları isə yenidən qurulub. Təsadüfi deyil ki, idmana göstərilən qayğı sayəsində Azərbaycan “Rio-2016” Olimpiya Oyunlarında 18 medal qazanıb. Bu, həmin yarışlara qatılan 207 ölkə arasında 15-ci nəticədir.

İki il əvvəl Azərbaycana səfərini xatırladan Takeo Hirata həmin vaxt Bakıda keçirdiyi görüşlər, nazir Azad Rəhimovla apardığı müzakirələr barədə danışıb. O, Azərbaycan nümayəndə heyətinin Yaponiyada keçirilən Dünya İdman və Mədəniyyət Forumuna qatılmasından çox məmnun olduğunu bildirib. Əminliklə qeyd edib ki, Azərbaycan idmançıları “Tokio-2020” Olimpiya Oyunlarında da böyük nəticələrə nail olacaqlar.

“Tokio-2020” Yay Olimpiya və Paralimpiya Oyunlarına hazırlıq barədə məlumat verən T.Hirata bu beynəlxalq idman yarışına hazırlıqla bağlı həyata keçirilən çoxsaylı layihələrdən danışıb. Həmin layihələr arasında yarışların keçiriləcəyi idman arenalarının kompakt yerləşdirilməsi, siqaretlə mübarizə, əlil idmançıların hərəkətinin asanlaşdırılması, terror hallarının qarşısının alınması və digərlərinin həmin tədbirlərin yüksək səviyyədə təşkilinə kömək edəcəyini bildirib. Vurğulayıb ki, “Tokio-2020” yarışlarının yüksək səviyyədə təşkil olunması ilə bağlı hazırda Yaponiyada ciddi iş gedir.

Görüşdə iştirak edən Yaponiya parlamentinin üzvü, tanınmış basketbolçu Kenataro Asahi Azərbaycanda idmana dövlət səviyyəsində göstərilən diqqəti yüksək qiymətləndirib. O, Yaponiya ilə Azərbaycan arasında yeniyetmə və gənc idmançıların mübadiləsinin ölkələrimiz üçün faydalı ola biləcəyini deyib. Bu məqsədlə idmanın karate, cüdo və voleybol kimi sahələrində əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu bildirib.

Nazir Azad Rəhimov Azərbaycan tərəfinin həmin təklifin reallaşdırılması üçün lazımi dəstəyi göstərməyə hazır olduğunu söyləyib.

Görüşdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov iştirak ediblər.

AZƏRTAC

Xəbər 2448 dəfə oxundu.