Qurban Qurbanov: "Komandamız oyuna hazırdır"
UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ" sabah Yunanıstanın PAOK klubunu qəbul edəcək. Komandanın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:

"Qrupda 3-cü oyunumuzu keçirəcəyik. Bizim üçün həddindən artıq əhəmiyyətli matçdır. Yaxşı nəticə əldə etmək üçün ən doğrusunu etməyə çalışmalıyıq. Komandamız oyuna hazırdı. Düzdü, bəzi itkilərimiz var. Buna rəğmən, hazırıq. Hər bir oyunçu ilə ətraflı söhbətimiz olub. Rəqibi sabahkı matça qədər yenə də təhlil edəcəyik. PAOK-un 4 xalı var. Çalışacağıq ki, sabah yaxşı oynayaq PAOK-a qalib gəlmək üçün bütün vasitələrdən istifadə etməliyik.

Mən azarkeşlərdən həmişə razı qalmışam. Ola bilər, stadiona az adam gəlsin. Amma bunu normal hal sayıram. Həmişə istədiyimiz kimi olmur. Sabaha kimi azarkeşimizin sayı çoxalacaq".

Müdafiəçimiz Maksim Medvedev də sabahkı oyun haqda danışıb:

"Sabahkı matçı səbirsizliklə gözləyirik. Sonuncu oyunumuza baxanda uşaqların ürəyi və gözləri yanır ki, PAOK qarşısında özümüzü yaxşı tərəfdən göstərək. Azarkeşlərimizi sevindirməyə çalışacağıq. “Vuruşmağa” hazırıq. Bizi necə oyun gözlədiyini bilirik".

Xəbər 650 dəfə oxundu.