Heybətulla Hacıəliyev: «Mayamidəki hazırlığın faydasını sonra hiss edəcəyik»
Usta boksçulardan ibarət milli komandamız ABŞ-ın Mayami şəhərində yanvarın 17-dən başladığı təlim-məşq toplanışını dünən başa vurub. Bu barədə «İdman» qəzeti və idman.com.az saytına yığmamızın aparıcı üzvü Heybətulla Hacıəliyev məlumat verib. Avropa çempionatının bürünc mükafatçısının sözünə görə, budəfəki hazırlıq digərlərindən fərqlənib:

«Mayami şəhərində təxminən ayyarım məşq etdik. Orada həm ümimi-fiziki, həm də taktiki-texniki təmrinlər üzrə çalışdıq. Hazırlıq əla keçdi. ABŞ boksçuları ilə sınaq-görüşləri isə, lap xeyrimizə oldu. Gələn ayın əvəvlində Bakıda «Böyük İpək yolu» beynəlxalq turniri keçiriləcək. Yığma komanda o yarışda mübarizə aparacaq. Mayamidəki təlim-məşqin bu turnirdə, eləcə də qarşıdakı sınaqlarda bizə faydası olacağına əminəm».
Qeyd edək ki, Heybətulla Hacıəliyev (64 kq) London olimpiadasına lisenziya qazanmış 5 boksçumuzdan biridir.
KAMRAN

Xəbər 1289 dəfə oxundu.