3-cü dəfə birgə sevindilər
Azərbaycan milli komandasının futbolçuları Rauf Əliyevlə Mahir Şükürov yığmada qol saylarını artırıblar. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, bu, Sinqapur yığması ilə Dubayda 2:2 hesablı bərabərliyə qaldığımız yoldaşlıq görüşündə baş verib. Onda Rauf ilk hissədə, Mahir fasilədən sonra millimizin qoluna imza atıb və hesabda 2:0 irəlidə olmuşuq. Bununla da Əliyev millimizdə 3-cü, Şükürov 2-ci qoluna imza atıb.

Hər 2 futbolçu ötən ilin sentyabrına kimi yığmamızda qol hesabını aça bilməmişdi. Həmin vaxt Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Belçika (1:1) və Qazaxıstan (3:2) yığmaları ilə Tofiq Bəhramov adına Respublika stadionunda nəticə qazandığımız rəsmi oyunlar futbolçular üçün də uğurlu oldu. Rauf belçikalılarla oyunun sonuna az qalmış başla vurduğu qolla millimizə xal qazandırdı.

Bundan 4 gün sonra isə artıq hər 2 futbolçu fərqləndi. Əliyev yenə oyunun fasiləsindən sonra hesabı 1:1 etdisə, ardından özünə qarşı kobudluğa görə təyin edilən penalti zərbəsini Şükürov qola çevirdi. Ümumiyyətlə, bu 2 futbolçunun son vaxtlar yığmada tandemi uğurlu alınır. Onda “Qarabağ”ın hücumçusunun vurduğu hər 2 qol oxşar oldu və ən əsası, Mahirin oynadığı sağ cinahdan ötürmələrindən sonra başla qapıdan keçirildi.

Rauf millidə 2-ci qolunu ötən ilin noyabrında Albaniya yığması ilə səfərdəki yoldaşlıq görüşündə vurub. Onda da ilk hissənin ortasında fərqlənən 23 yaşlı hücumçu matçda vurulan yeganə qolun müəllifi kimi qələbəmizin əsas memarı oldu. 30 yaşlı Şükürov həmin vaxt millimizin düşərgəsində olsa da, meydana çıxmadı. Belə ki, Türkiyə yığması ilə səfərdəki rəsmi oyundan sonra dopinq-testdən keçən zamanı problemi yaranan təcrübəli futbolçunun UEFA-nın araşdırmağının nəticəsini gözləyərək, yekun qərar çıxarılmayana kimi oynamağına qadağa qoyulmuşdu. Bu, sonda 2 aylıq cəza ilə nəticələndi və bunu yanvarda başa vuran Şükürov milliyə qayıdışını qolla qeyd etdi. Özü də Sinqapurla oyunda kapitanımız Rəşad Sadıqov artıq fasilədə əvəzləndiyindən, sarğı Mahirə verildi. Onun kapitan kimi cərimə zərbəsindən sonra uzaq küncə dəqiq zərbəyə rəqib qapıçı reaksiya verə bilmədi.

Xəbər 1021 dəfə oxundu.