Qurban Qurbanov: Onu heç vaxt tərifləmək olmaz
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Ağdam klubunun çalışdırıcısı 3:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

"Vacib qələbə qazandıq. Asan oyun olmadı. "Sumqayıt" hər oyunda bizə qarşı fərqli üslublardan istifadə edir. Əsas odu ki, 3 qol vura, azarkeşlərimizi sevindirə bildik. Futbolçular uzun müddət idi bir yerdə deyildilər. Buna baxmayaraq, meydanda hansısa anlaşılmazlıq olmadı. Qarşıda bizi PAOK-la vacib oyun gözləyir. Bu oyuna 4 gün qalıb. Məşqlərdə diqqətli olmalı, bu komandayla oyuna ciddi hazırlaşmalıyıq. Bizi doğrudan da çətin oyun gözləyir".

Qurbanov bu gün meydana çıxmayan yetirmələrindən də danışıb: "Rəşadın ayağında ağrılar var. Çox da ciddi deyil. Zədəsini yeniləməməsi üçün həkimlər diqqətli olmalıdılar. Sabahdan məşqə başlayacaq. İlqar Qurbanovun oyunundan razı qaldım. Ancaq öz üzərində bir az daha çalışmalıdı. O, elə bir futbolçudu ki, tərifləmək olmaz. Elvin Yunuszadənin qızdırması var. Digər tərəfdən onu əvəzedici heyətə göndərmişdim. Çünki intizamı pozmuşdu. Yəni sağlam olsaydı da, bu gün oynamayacaqdı. Maksim Medvedev ilk dəfə deyil ki, bu mövqedə oynayır. Onun bu mövqedə yığmada da oynaması, onu daha da inkişaf etdirir. Vüqar Nadirova gəlincə, o, öz üzərində ciddi çalışır. Öz çalışqanlığını göstərir. İnşallah, belə davam etsə, qarşıdakı oyunlarda ona da şans verə bilərik".

Xəbər 702 dəfə oxundu.