“Borussiya Dortmund” yeddinci turda doğma meydanda xal itirib
Almaniya Bundesliqasında VII turun “Siqnal İduna Park”da baş tutan mərkəzi oyununda “Borussiya Dortmund” və “Herta Berlin” komandaları hərəyə bir dəfə fərqlənərək heç-heçə ilə kifayətlənməli olublar.

Qarşılaşmanın birinci hissəsi bərabər idman mübarizəsi şəraitində keçib və tərəflərin səyinə baxmayaraq hesab açılmayıb. Matçın 51-ci dəqiqəsində qonaq komandanın oyunçusu Valentin Stoker kapitan V.İbiseviçin ideal ötürməsini qola çevirərək “Herta Berlin”i hesabda irəli çıxarıb. Oyunun 77-ci dəqiqəsində isə meydan sahibləri qola yaxınlaşsalar da, ələ düşən imkandan yararlana bilməyiblər. Lakin P.Obameyanq cərimə meydançası daxilində əllə oyuna görə “Herta Berlin”in qapısına təyin olunan penaltini dəqiq yerinə yetirə bilməyib. Tomas Tuçelin komandası istəyinə yalnız 81-ci dəqiqədə nail ola bilib. Sol cinahdan ötürülən topu qapıya göndərən Pierre Obameyanq hesaba tarazlıq gətirib. Qalan dəqiqələrdə “Borussiya Dortmund” təşəbbüsü ələ alsa da, oyunda başqa qol olmayıb və tərəflər qarşılaşmadan 1:1 hesablı nəticə ilə ayrılıblar.

Qeyd edək ki, oyunun son dəqiqələrində gərgin anlarla yadda qalıb. Meydan sahiblərinin heyətində forma geyən türkiyəli yarımmüdafiəçisi Emre Mor 84-cü dəqiqədə, qonaqlardan isə ilk qolun müəllifi isveçrəli yarımmüdafiəçi Valentin Stocker 90-cı dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılaraq komandalarını azlıqda qoyublar.

Altı turdan sonra Bundesliqada “Herta Berlin” 13 xalla ikinci, “Borrusiya Dortmund” isə 12 xalla üçüncü pillədədir. Turnir cədvəlinə isə 16 xalla “Bavariya” komandası başçılıq edir.

Xəbər 791 dəfə oxundu.