“Neftçi” klubu üç futbolçu ilə müqavilə imzalayıb
“Neftçi” klubu baxışda olan 3 futbolçu ilə müqavilə bağlayıb.

Müdafiəçi Mahir Şükürov, serbiyalı qapıçı Boban Baykoviç və braziliyalı yarımmüdafiəçi Jonas Enrike Pessalli mövsümün sonunadək komandanın formasını geyinəcəklər.

Mahir Şükürov Azərbaycan komandaları ilə yanaşı, Türkiyənin "Antalyaspor”, "Karşıyaka” və Rusiyanın "Anji” klublarında çıxış edib. 2006-2007-ci və 2012-2014-cü illərdə "Neftçi”də çıxış etmiş M.Şükürov Azərbaycan milli komandasının heyətində 75 oyun keçirib.

Mahir Şükürov bildirib ki, "Neftçi”yə qayıtmağıma görə şadam. Bu klub futbola qayıtmağım üçün şərait yaratdı, mənim üzərimə düşən isə bu etimadı doğrultmaqdır. "Neftçi” hazırda layiq olmadığı mövqedə qərarlaşıb. Vəziyyəti düzəltmək üçün əlimizdən gələni etməliyik.

Boban Baykoviç Monteneqronun "Lovçen” klubunun yetirməsidir. O, həmçinin Serbiyanın "Srvena Zvezda”, "Yedinstvo”, "Radniçki”, "Rad”, "Smederevo”, "Srem Mitrovitsa” klublarının da şərəfini qoruyub. Baykoviçin sonuncu klubu Belçika "Lyers”i olub.

Boban Baykoviç deyib: "Yeni komandam üçün faydalı olmaq istəyirəm. Bilirəm ki, "Neftçi” Azərbaycanın ən titullu klubudur. Azarkeşlərin yaddaşında qalmaq üçün var-gücümlə çalışacağam”.

Braziliyanın "Qremio” klubunun yetirməsi olan Jonas Pessalli, həmçinin Fransanın "Anje” və "Luson” klublarında çıxış edib.

Jonas Pessalli bildirib ki, Azərbaycan futbolu inkişafdadır. Şadam ki, "Neftçi”də oynamaq imkanı qazanmışam. Yeni komandamda rəsmi debütümü səbirsizliklə gözləyirəm.



Xəbər 779 dəfə oxundu.