3-qat Avropa çempionu: «Elnur yenə çempion ola bilər» - MÜSAHİBƏ
Usta cüdoçularımız London olimpiadasına hazırlıqlarını davam etdirirlər. Yarış praktikasını sabit saxlamaq və lisenziya qazanmaq məqsədi ilə milli komandamız müntəzəm beynəlxalq yarışlarda iştirak edir. Hədəf aydındır: «dördilliy»in ən böyük idman bayramına bacardıqca çox vəsiqə əldə etmək, nəticəni bir qədər də yaxşılaşdırmaq. Bəs görəsən, cüdoçularımız bu niyyəti gerçəkləşdirə biləcəklərmi? Gənc mütəxəssis Elçin İsmayılov «İdman» qəzeti və idman.com.az saytına verdiyi müsahibədə, bunun reallaşacağına inamını gizlətməyib.

- İndiki vəziyyət ürəkaçandır. 60, 66, 81 və 90 kq-larda lisenziya əməli olaraq qazanılıb. 100 kq-da çıxış edən Elmaq Qasımov öz işinin öhdəsindən 70 faiz gəlib. O, lisenziya xalını artırmaq üçün, yüksək yerlər tutmalıdır.

- Qadın cüdoçularımızın şanslarını necə qiymətləndirirsiniz?
- Kifayət Qasımova (57 kq) ilə Ramilə Yusubovanın (63 kq) reytinqdə mövqeyi qənaətbəxşdir. Amma onlar rahat olmaları üçün, qarşıdakı yarışlarda mütləq mükafata layiq yer tutmalıdırlar.
Qabaqda xeyli yarış var. İnarınam ki, cüdoçularımız olimpiya reytinqində vəziyyətlərini bir qədər də yaxşılaşdıracaqlar.

- Pekin olimpiadasında milli komandamız 2 medal qazanmışdı. Sizcə, bu dəfə necə olacaq?
- Düşünürəm ki, say elə də qalacaq. Cüdo qaydalarında dəyişikliklər əleyhimizə işləməsəydi, Londonda medalların sayı daha çox ola bilərdi. Amma əfsuslar olsun ki, islahatlar cüdoçularımızn «şah fəndləri»ni zərərsizləşdirdi. Bunda ən çox udan Yaponiya cüdosu oldu.

- ABŞ-ın usetoday.som portalı milli komandamızın olimpiadada medal qazanmaq imkanını dəyərləndirib. Ekspertlərin fikrincə, Londonda 2 mükafata layiq yer tutmaq ehtimalımız var. Onlar əyarı göstərərək, konkret ad da çəkiblər: Elnur Məmmədli (81 kq) gümüş, İlqar Müşkiyev (60) bürünc medal. Sizin mülahizəniz nədir?
- Niyə ki?! Elnur yenə çempion ola bilər. İlqar digərləri ilə nisbətdə, daha şanslıdır. Onun medal qazanmaq ehtimalını yarbayarı qiymətləndirirəm. Elxan Məmmədov (90 kq) axır vaxtlar zəif nəticə göstərir. Amma təcrübəsinə görə, o da olimpiadada uğur əldə edə bilər.

Kamran HACI

Xəbər 4544 dəfə oxundu.