Xocalı soyqırımına həsr olunmuş beynəlxalq cüdo turniri
Xocalı soyqırımını beynəlxalq səviyyədə təbliğ etmək, idmançıları vətənpərvərlik ruhunda yetişdirmək, cüdo idman növünün inkişafı məqsədi ilə Gənclər və İdman Nazirliyi, Cüdo Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Xəzər Rayon İcra Hakimiyyəti, Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və «Özkaya Group» şirkətinin sponsorluğu ilə 26 Fevral – Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş III ənənəvi beynəlxalq cüdo turniri start götürüb. İdman.com.az saytının məlumanıa görə, Şağan Olimpiya İdman Kompleksində start götürən yarışlarda Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan,Qazaxıstan idmançıları da qüvvələrini sınayırlar.

Fevralın 25-də beynəlxalq turnirin açılışı keçirilib. Mərasimində çıxış edən XRİH başçısının müavini Arif Balayev və XRGİİ-nin rəisi Vüqar Əliyev Xocalı faciyəsinin bəşəriyyətə, insanlığa qarşı törədilmiş vəhşilik olduğunu bildirib, bu qətliamı törətmiş erməni faşistlərinin öz əməllərinə görə nə vaxtsa cavab verəcəklərini deyiblər. Sonra çıxış edən türkiyəli iş adamı, «Özkaya Group» şirkətinin prezidenti Osman Gezeker Xocalı soyqırımının XX əsrin ən qanlı hadisəsi olduğunu qeyd edib, bu kədərli günlərdə Türkiyənin qardaş Azərbaycanın yanında olduğunu, onun qəminə şərik olduğunu bildirib: «Azərbaycan və Türkiyə hər zaman bir-birinə dəstək olub. Bu günlər Türkiyədə də Xocalı soyqırımı geniş miqyasda qeyd edilir, təbliğat aparılır. Biz bir millət, iki dövlətik».
Yarışlar davam edir. Turnirə sabah yekun vurulacaq.


Xəbər 1348 dəfə oxundu.