Namiq Əliyev: «Cəbrayılın Türkiyədə zəif çıxışı bizi narahat etdi»
6-11 martda Serbiya paytaxtı Belqradda güləşçilər arasında Avropa çempionatı keçiriləcək. İdman.com.az saytının məlumatına görə, bu mötəbər yarışda hər 3 milli komandamız mübarizə aparacaq. «Sərbəstlər»in yarışında məşqçilər korpusu əsasən gənclərə şans verib. Səbəb, olimpiada mərhələsi ərəfəsində əsas heyəti qorumaq göstərilir. «Dördilliy»ə lisenziya qazanmayan və qazanan pəhləvanlarımız mütəxəssislərin xüsusi proqramı ilə hazırlaşırlar.

Qitənin ən güclülərinin yarışına «birinci nömrələr»dən yalnız bir idmançımız yollanacaq. Bu, 66 kq-da çıxış edən Cəbrayıl Həsənovdur. Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti Namiq Əliyev «İdman» qəzetinə açıqlamasında deyib ki, 2-qat Avropa çempionunun sözü gedən mübarizəyə tək qızıl medal üçün deyil, bir daha sınaqdan keçirilməsi üçün gedir:

«Cəbrayılın Türkiyədə keçirilmiş sonuncu beynəlxalq turnirdə çıxışı məşqçilər korpusunu razı salmadı. Bu bizi narahat etdiyindən, onu Avropa çempionatında sınamaq qərarına gəldik. Cəbrayıl komandamızın lider güləşçilərindəndir. Onun uğur qazanacağına şübhəmiz yoxdur».

KAMRAN

Xəbər 1243 dəfə oxundu.