Rövnəq Abdullayevə rəqib tapılmadı
Martın 9-da keçiriləcək Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının növbəti hesabat-seçki Konfransının gündəliyi məlum olub. İdman.com.az saytının məlumatına görə, konfransda əvvəlcə qurumun rəhbərliyinin hesabatı dinləniləcək, sonra isə AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.
Nizamnaməyə uyğun olaraq, artıq assosiasiya prezidentliyinə və İcraiyyə Komitəsinin üzvlüyünə namizədlərin irəli sürülməsi vaxtı da başa çatıb. Bununla bağlı AFFA-nın baş katibi Elxan Məmmədov fikrini affa.az saytına bildirib.

O, deyib ki, AFFA-nın Nizamnaməsinin 35-ci maddəsinə əsasən, prezident, vitse-prezidentlər və İcraiyyə Komitəsi üzvlərinin mandat müddəti 4 ildir: “AFFA prezidentinin və İcraiyyə Komitəsi üzvlərinin mandat müddəti bu il başa çatır. Qeyd etmək istərdim ki, AFFA prezidentinin seçilməsi AFFA-nın Nizamnaməsinin 41-ci maddəsinin, İcraiyyə Komitəsinin üzvlərinin seçilməsi isə AFFA-nın Nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilir. Prezidentliyə namizəd ən azı AFFA-nın bir üzvü, İcraiyyə Komitəsinə hər bir namizəd isə yalnız bir AFFA üzvü və dolayı üzvü tərəfindən Konfransın keçirilmə tarixindən ən azı 15 gün əvvəl təklif olunmalıdır. Prezident öz namizədliyini irəli sürmək hüququna malikdir. Namizədlərin siyahısı artıq AFFA-nın baş katibliyinə göndərilib”.
Qeyd edək ki, konfrans AFFA-nın inzibati binasında saat 10:00-da start götürəcək.


Siyahı aşağıdakı kimidir:

AFFA prezidentliyinə namizəd
1.Rövnəq Abdullayev – namizədliyini özü irəli sürüb

İcraiyyə Komitəsinin üzvlüyünə namizədlər
1.Rauf Əliyev – “Neftçi” PFK tərəfindən
2.Hafiz Məmmədov – “Bakı” FK tərəfindən
3.Ələkbər Məmmədov – “İnter” PİK tərəfindən
4.Kazbek Tuayev – AZAL FK tərəfindən
5.Cahangir Hacıyev – Bakı Futbol Federasiyası tərəfindən
6.Elmar Qasımov – Futbol Veteranları İttifaqı tərəfindən
7.Mahir Məmmədov – Çimərlik Futbol Federasiyası tərəfindən
8.Mirkamil Rəhimov – Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən
9.Elşad Nəsirov – Futbolsevərlər Birliyi tərəfindən
10.İsgəndər Cavadov – Şimal Regional Futbol Federasiyası tərəfindən

Xəbər 882 dəfə oxundu.