Qol güləşi üzrə dünya çempionatında komandamız 10 medal qazanıb
Bolqarıstanın Blaqoyevqrad şəhərində qol güləşi üzrə XXXVIII dünya çempionatı və XIX paraarmrestlinq üzrə mundial başa çatıb.

Yarışda ölkəmizi Avropa Qol Güləşi Federasiyasının vitse-prezidenti, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədovun rəhbərliyi altında doqquz idmançı təmsil edib.

Komandamız yarışı 3 qızıl, 4 gümüş və 3 bürünc medalla başa vurub. Həmyerlilərimizdən Ramazan Rüstəmov, Qismət Vəkilov və Vilayət Namazzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yığmamızın digər üzvlərindən İsgəndər Mustafayev, Hüseyn Əmənli gümüş, Toğrul Şahlarlı bürünc medal qazandığı halda, Nemət Vəkilov və Minabəddin Qurbanov həm ikinci, həm də üçüncü yeri tutublar.

Ramazan Rüstəmov, Hüseyn Əmənli və Toğrul Şahlarlı yarışların gedişində erməni idmançıları ilə qarşılaşıblar. Hər üç idmançımız bu ölkənin təmsilçisinə heç bir şans vermədən görüşlərini qələbə ilə başa vurublar.

Qeyd edək ki, mundiala 60-dan çox ölkənin 1200 idmançısı qatılıb.

Xəbər 650 dəfə oxundu.