Azərbaycan – Norveç: Məşqçi fikirləri
DÇ-2018-in seçmə mərhələsində keçirilmiş Azərbaycan – Norveç oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:


Per-Mathias Hogmo (Norveç millisinin baş məşqçisi): “Azərbaycan millisini qələbə münasibətilə təbrik edirəm. Təbii ki, bu nəticədən çox narazıyıq. Oyun ərzində şanslarımız olsa da, qol vura bilmədik. Futbolda isə qol vurmadan qələbə qazanmaq qeyri-mümkündür. Hava ötürmələrindən çox istifadə etsək də, istəyimizə çata bilmədik. Bu gün Bakıda qələbə qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı. Ötən seçmə mərhələdə Azərbaycan millisindən 4 xal almışdıq. Artıq növbəti oyunları düşünməliyik. Azərbaycan yığmasının inkişafı göz önündədir”.

Robert Prosineçki (Azərbaycan millisinin baş məşqçisi): “Oyunun çətin keçəcəyini demişdim. 90 dəqiqədən sonra xoşbəxt olduğumu deyə bilərəm. Əzmkar oynadıq. Bu, bütün Azərbaycan üçün vacib qələbədir. Rəqib bizə futbol oynamağa imkan vermirdi. Buna baxmayaraq, futbolçular bütün gücünü meydanda qoydu. Belə çətin rəqib üzərində qələbə qazandıq. Təəssüf ki, çox sevinməyə vaxtımız yoxdur. 3 gündən sonra bizi vacib oyun gözləyir. Komanda əlindən gələni etməlidir ki, Çexiyadan da yaxşı nəticə ilə qayıdaq. Azarkeşlərə minnətdaram; ilk dəqiqədən futbolçuları qələbəyə səsləyirdilər. Bu gün stadionda əla atmosfer var idi. Bu uğurda azarkeşlərin də böyük rolu var. İlk iki oyunda qələbə qazanmışıq. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm”.

Xəbər 805 dəfə oxundu.