AFFA-nın sayəsində Xocalı faciəsini 49 ölkə gördü
Milli komandamızın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki hazırlıq çərçivəsində keçirəcəyi növbəti yoldaşlıq oyunu da futbol azarkeşləri canlı izləyəcək. İdman.com.az saytının məlumatına görə, bu barədə apasport.az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.

O bildirib ki, matçın TV-də canlı yayımlanması üçün bir sıra problemlər yarandığından, Hindistanla qarşılaşma www.affatv.az saytında canlı yayımlanacaq.

“Fevralın 24-də keçirilən Azərbaycan – Sinqapur oyununun bu internet kanalında şərh ilə birlikdə yayımlanması azarkeşlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Təkcə onu qeyd etmək istərdim ki, ölkəmizdən 10 mindən artıq azarkeşin izlədiyi bu oyuna Sinqapurdan və Rusiyadan baxanların birlikdə sayı 5 mindən çox olub. Eyni zamanda, internetin imkanları geniş olduğundan oyuna ümumilikdə 49 ölkədən baxılıb.

Bu həm futbolumuzun, həm də ölkəmizdə futbolun inkişafı naminə ölkə rəhbəri tərəfindən həyata keçirilən tədbirlərin təbliğində son dərəcə önəmlidir. Bununla yanaşı, oyundan əvvəl Xocalı faciəsi ilə bağlı bir dəqiqəlik sükutun olması və komandamızın oyuna qara sarğı ilə çıxması isə xalqımızın erməni silahlı qüvvələri tərəfindən işğala məruz qalmasının dünya ictimaiyyətinə çatdırılması baxımından da vacib bir addımdır” - deyə, Nərimanoğlu bildirib.

Xatırladaq ki, www.affatv.az saytında indiyə qədər bir sıra oyunlar canlı nümayiş olunub. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Qazaxıstanın Astana şəhərində keçirilən «Prezident kuboku» turnirində, Moldovanın Kişinyov şəhərində keçirilən «FA of Moldova Cup» turnirində, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Xorvatiyada keçirilən bütün oyunları, Caspian Cup turnirinin əksər qarşılaşmaları, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının İspaniyanın Marbelya şəhərində təşkil olunmuş turnirdə keçirdiyi qarşılaşmalar, həmçinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçirdiyi bir neçə oyun, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının AÇ-nin seçmə mərhələsində keçirdiyi matçlar, Bakı Beynəlxalq Futzal Turnirinin bütün qarşılaşmaları, futzal üzrə Avropa çempionatının Bakıda təşkil olunmuş qrup oyunları və digər qarşılaşmalar affatv.az vasitəsilə canlı yayımlanıb.

Xəbər 849 dəfə oxundu.