Anatoli Banişevski – Bakı futbolunun əfsanəsi
Oktyabrın 6-da Moskvada, M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında Azər Cahangirovun “Sentr propaqandı” nəşriyyatında rus dilində çapdan çıxmış “Kometa izi. Anatoli Banişevskinin həyatından səfilər” adlı kitabının təqdimatı keçirilib. Tədbir Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin və “Baku” jurnalının dəstəyi ilə təşkil edilib.

Məşhur Azərbaycan futbolçusunun dostlarının və müasirlərinin xatirələri əsasında yazılmış bu kitaba Rafael Hüseynovun, Aqşin Kazımzadənin, Lev Filatovun, Yuli Seqeneviçin, Fərhad Ağamalıyevin məqalələri daxil edilib.

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova təqdimat mərasimini açaraq qeyd edib ki, bu kitab “dəri top”un böyük ustalarından biri olmuş həmvətənimiz Anatoli Banişevskiyə hədsiz hörmətin daha bir təsdiqi, idmançıların gənc nəsli üçün indi də əvvəlki kimi kumir və təqlid nümunəsi olan insana sevgi əlamətidir. T.Əhmədova deyib: “Anatoli Banişevski 19 yaşında olarkən SSRİ yığma komandasında oynayır, 20 yaşında futbolun vətəni İngiltərədə keçirilən dünya çempionatında Sovet İttifaqının yığma komandasını təmsil edirdi. O dövrün oğlanları onu özlərinin kumiri hesab edirdilər. Həmin illərdə Azərbaycanın bir sıra şəhərlərində, həyətlərdə oğlanların Banişevski kimi oynamağa çalışdıqlarını görmək olardı. 2003-cü ildə UEFA-nın 50 illiyi ərəfəsində müxtəlif ölkələrin futbol təşkilatları son 50 ildə özlərinin ən məşhur futbolçularının adlarını bildirəndə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Anatoli Banişevsikinin adını çəkmişdi. Bu gün Masallı şəhərindəki stadion onun adını daşıyır”.

T.Əhmədova vurğulayıb ki, bu gün Azərbaycanda idmana xüsusi diqqət yetirilir. Azərbaycanda Birinci Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası, “Formula-1” Qran-prisi yüksək səviyyədə keçirilib. Ölkəmizdə futbolun inkişafı üçün çox iş görülür: adlı-sanlı məşqçilər dəvət edilir, bizim komandalar prestijli turnirlərdə iştirak edir. Azərbaycan idman ölkəsinə çevrilir.

T.Əhmədova çıxışını bu sözlərlə bitirib: “Anatoli Banişevski kimi ustaların adları heç vaxt unudulmayacaq”.

Azərbaycanın Rusiyadakı səfir Polad Bülbüloğlu kitabın müəllifi, publisist Azər Cahangirova və bu kitabın nəşrində iştirak edənlərin hamısına təşəkkürünü bildirib. Səfir A.Banişevski ilə özünün necə tanış olmasını xatırlayaraq deyib: “60-cı illərin ortalarında mərkəzi sovet qəzetlərinin birində Banişevski ilə müsahibə dərc edilmişdir. “kimin musiqisini daha çox sevirsiniz?” – sualına o belə cavab vermişdi: Polad Bülbüloğlunun. Bu, mənim üçün çox xoş idi, xüsusən ona görə ki, o vaxt Anatoli milyonların kumiri idi. Anatoli sadə, təvazökar bir bakılı gənc idi. Onunla həmişə sadə dildə söhbət etmək olardı. Hər dəfə onunla görüşdən sonra qəlbimdə işıqlı hisslər qalırdı.”.

A. Banişevskinin vətənpərvərliyini və doğma yurda sevgisini xüsusi qeyd edən səfir deyib: “Mən bilirəm ki, o illərdə Moskvanın OMİK və “Spartak” komandaları Anatolini öz heyətlərinə dəvət edir, ona Moskvada mənzil təklif edirdilər. Lakin o, Bakıdan getmədi. Həmişə deyirdi ki, Bakısız yaşaya bilmir. O öz “komanda”sına sadiq qaldı.

P.Bülbüloğlunun sözlərinə görə, Banişevski öz şəhərinin, öz ölkəsinin vətənpərvər oğlu idi. Səfir deyib: “Bu gün Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi bu görüşü təşkil etməklə çox düzgün hərəkət edib. Böyük şair Rəsul Həmzətov deyirdi ki, əgər biz keçmişimizə tapançadan atəş açsaq, onda gələcək bizə topdan atəş açacaq. Öz görkəmli adamlarını, tarixi yaradan istedadlı adamları heç vaxt unutmaq olmaz. Bu gün biz gənclərimizə vətənpərvərlik hissi aşılamalıyıq və bu hissi Anatoli Banişevski kimi insanların timsalında aşılamaq lazımdır”.

Sənətşünaslıq doktoru, Müasir Musiqi Assosiasiyasının aparıcı eksperti Rauf Fərhadaov, əfsanəvi müdafiəçi Oleq Kuznetsovun oğlu Aleksandr Kuznetsov A.Banişevskini təkcə dahi hücumçu kimi deyil, həm də geniş ürəkli, son dərəcə təvazökar bir insan kimi xatırladılar. Bütün dünyada tanınmasın baxmayaraq, o həmişə səmimi, ünsiyyətçil insan, qiymətli peşəkar məsləhət verməyə hazır olan bir futbolçu idi.

Təqdimat mərasiminə gələnlər arasında tanınmış bakılı futbolçular Nikolay Sımolnikov, Tofiq Abbasov, Rafiq Əlizadə və başqaları da vardı.

“Neftçi”nin keçmiş hücumçusu Nikolay Simolnikov deyib: “Banişevski xalqın sevimlisi idi. İndiki futbolçular mühafizəçi ilə gəzirlər, Banişevskini isə xalq qoruyurdu. Onun arxasınca həmişə azarkeşlər dəstəsi gedirdi”.

“Lider TV”-nin Moskvadakı müxbir məntəqəsinin rəhbəri Anar Həsənov kitabı ərsəyə gətirənlərə təşəkkürünü bildirək qeyd edib ki, azərbaycanlıların gənc nəsli bu əfsanəvi həmvətənimizin xatirəsini böyük ehtiramla yad edir.

AZƏRTAC

Xəbər 731 dəfə oxundu.