Yeniyetmə güləşçilərimiz Bakı birinciliyində qüvvələrini sınayacaqlar
Oktyabrın 13-16-da Hövsan Olimpiya İdman Kompleksində 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Bakı birinciliyi keçiriləcək.

Yarışın keçirilməsində məqsəd paytaxtda sərbəst və yunan-Roma güləş idman növünü təbliğ və inkişaf etdirmək, Bakıdakı idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək, ən güclü idmançıları aşkar etmək, şəhər yığma komandasına namizədlər seçmək, gəncləri güləş ilə müntəzəm məşğul olmağa cəlb etməkdir.

Dörd gün davam edəcək birincilikdə güləşçilər 42, 46, 50, 54, 58, 63, 69, 76, 85, 100 kiloqram çəki dərəcələrində mübarizə aparacaqlar. Proqrama əsasən, oktyabrın 13-14-də sərbəst, 15-16-da isə yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşəcək. Sərbəst güləş yarışlarında 1-3, yunan-Roma güləşi yarışlarında isə ilk beşlikdə qərarlaşan idmançılar respublika turnirinə vəsiqə əldə edəcəklər.

Xəbər 794 dəfə oxundu.