Daşkənd Qran-prisində cüdoçularımızın rəqibləri müəyyənləşib
Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək cüdo üzrə Qran-pri turnirinin püşkü atılıb.

Oktyabrın 6-8-də keçiriləcək yarışda Azərbaycan yığmasının üzvləri də rəqiblərini tanıyıblar.

Püşkə görə, Peter Zayzenbaherin yetirmələri 15 iştirakçı ölkədən yalnız üçünün cüdoçularına rəqib olublar. On bir idmançımızdan biri Rusiya, beş həmyerlimiz təşkilatçı ölkənin təmsilçisi, dörd cüdoçumuz isə qazaxıstanlı idmançılarla üz-üzə gələcək. İlk mərhələdən azad olan bir cüdoçumuz isə ikinci mərhələdə məhz Qazaxıstan – Özbəkistan cütünün qalibini gözləyəcək.

Murad Heydərli (60 kq) Bauyrxan Javintayev (Qazaxıstan), Tofiq Məmmədov İslam Yaşyev (Rusiya), İlqar Müşkiyev (66 kq) Abduljəlil Yusupov (Özbəkistan), Mirelturan Seyidi Aybek İmaşev (Qazaxıstan), Hidayət Heydərov (73 kq) Sərvər Şomurodov (Özbəkistan), Müşfiq Orucov Mirzahid Fərmanov (Özbəkistan), Afiq Səfərli (81 kq) Arman Maxambetov (Qazaxıstan), Rüfət İsmayılov Sunnatulla Əzimov (Özbəkistan), Vasif Şərbətli (90 kq) Əziz Kalkamanuli (Qazaxıstan), Ziya Namazov Madamin Sevinçov (Özbəkistan), Cəlil Şükürov (100 kq) Nikita Azarov (Qazaxıstan) - Erkin Doniyorov (Özbəkistan) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, yarışa ümumilikdə 139 idmançı (81 kişi, 58 qadın) qatılacaq.

Xəbər 568 dəfə oxundu.