Oğuzda velosiped idmanı üzrə Azərbaycan birinciliyinin ilk qalibləri müəyyənləşib
Azərbaycan Velosiped İdmanı Federasiyasının 2016-cı il üçün müəyyənləşdirdiyi təqvim-plana əsasən, Oğuzda yeniyetmə və gənclər arasında çoxgünlük ötüşmələr üzrə Azərbaycan birinciliyi davam edir.

Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edilən açıq xarakterli yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı, həmçinin Gürcüstandan gəlmiş 10 velosipedçi mübarizə aparır.

İkinci yarış günündə 2 yaş kateqoriyasında qaliblər müəyyənləşib. On beş yaşadək oğlanların 30 kilometr məsafəyə qrup ötüşməsi Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin üzvü Nikita Sıtovun qələbəsilə yekunlaşıb - 1 saat, 3 dəqiqə, 39 saniyə. N.Sıtov 1-ci mərhələdə də hamını qabaqlamışdı və bununla da o, 2 mərhələnin yekununa əsasən ən yaxşı nəticə göstərib. İkinci və 3-cü yerləri isə 8 saylı Olimpiya İdman Məktəbinin velosipedçiləri Emil Əliyev və Əmral Əbdüləzizli tutublar.

Qızların 30 kilometr məsafəyə qrup ötüşməsinə gəlincə, burada hər hansı bir dəyişiklik baş verməyib. 8 saylı Olimpiya İdman Məktəbinin təmsilçisi Validə Cabbarova 1 saat, 18 dəqiqə, 35 saniyə nəticə ilə 1-ci mərhələdəki qələbəsinin qanunauyğun olduğunu sübuta yetirib və çoxgünlük ötüşmələr üzrə Azərbaycan birinciliyinin qalibi olub. Onun komanda yoldaşı Elfanə Camalova ikinci, Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin velosipedçisi Viktoriya Buxenskaya isə üçüncü yeri tutub.

Qeyd edək ki, birinciliyin reqlamentinə əsasən, 15 yaşadək oğlanlar və qızlar arasında qaliblər 2, U-17 və gənclər kateqoriyasında yarışan velosipedçilər arasında isə 3 günün yekununa əsasən müəyyənləşir.

Yarışa oktyabrın 3-də yekun vurulacaq.

Xəbər 945 dəfə oxundu.