Azərbaycan ilə İtaliya arasında idman tədrisinin perspektivləri müzakirə olunub
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında İtaliyanın Kassino və Cənubi Lasio Universitetinin rektoru, İtaliyanın ən böyük ali məktəblərindən olan Genuya Universitetinin təhsil şöbəsinin müdiri və Link Campus Universitetinin “Erasmus” proqramının əlaqələndiriciləri ilə görüş keçirilib.

Görüşdə idman tədrisi sahəsində təcrübə mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin məşqçilərin hazırlanması, idman tibbi və idman menecmenti sahələrində davamlı əməkdaşlıq, yeni tədris proqramlarının hazırlanması, eyni zamanda, müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi də müzakirə mövzusu olub.

Söhbət zamanı bir sıra məsələlər, o cümlədən bioetika və idman etikası, biokimya və molekulyar biologiya sahəsində adaptiv mexanizmlərin təkmilləşdirilməsinə yönələn yeni texnologiyalar və dopinq məsələləri, akademiyada elm-tədris laboratoriyasının yaradılması, məhdud fiziki imkanlı tələbələrin tədris prosesinə cəlb edilməsi məsələləri də geniş müzakirə edilib.

Qonaqlar son illər Azərbaycanın idman sahəsində qazandığı uğurların ölkənin hazırkı inkişaf səviyyəsini və iqtisadi qüdrətini əks etdirdiyini vurğulayıblar. Qeyd olunub ki, “Bakı–2015” birinci Avropa Oyunları, eləcə də Formula–1 Avropa Qran-prisinin keçirilməsi Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında və beynəlxalq imicin yüksəlməsində böyük rol oynayıb.

Son dövrdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası beynəlxalq əlaqələrin inkişafı üçün ardıcıl işlər aparır. İdman təhsili sahəsində mövcud beynəlxalq təcrübəni və təhsil modellərini öyrənmək məqsədilə Akademiyanın nümayəndələri ABŞ, Almaniya, Türkiyə, Rusiya, Sloveniya, Latviya, Bolqarıstan, Belarusa ezam ediliblər.

AZƏRTAC

Xəbər 609 dəfə oxundu.