Növbəti fasilə kimə dərman olacaq
"Qəbələ" şans əldə etdi, üstünlükdən hələ danışmaq tezdir

Sürpriz, nəhayət ki, "Qəbələ"nin də iddialı olmaq üçün qüvvəsini toparlamasıdır. Lakin oyunlara baxanda elə təəssürat oyanır ki, komanda bütün gücünü yalnız daxili yarışa həsr etmək niyyətindədir. Sanki komanda Avropa səhnəsində mövsümü yola vermək və iflasa uğramamağı əsas şərtə çevirib. Hərçənd bu, indiyə qədər "Qəbələ"nin keçirdiyi oyunların təhlili əsasında verilə biləcək bir qənaətdir. Komandanın gücünün də rolu az deyil. Lakin keçən il iki cəbhədə yarışmış bir komanda üçün oyunçuların potensialının bir atımlıq barıt kimi yalnız daxili yarışa hesablanması da heç doğru-dürüst siyasət sayıla bilməz. Özünə ciddi yanaşan klub özündən əvvəlkilərin - "Neftçi" ilə "Qarabağ"ın bir dövrlük Avropa uğurlarından dərs götürməlidir. Bu ani eniş-yüksəlişlərin səbəbi məhz düz olmayan yanaşma tərzidir.

Çempionatla bağlı "Neftçi" qalmaqalları soyumaqda olduğu bir dövrdə iki favoritin -"Qəbələ" ilə "Qarabağ"ın üz-üzə duelinin təsadüf etməsi mövsümün yekunu ilə bağlı erkən rəyləri formalaşdırmağa başlayıb. Hərçənd ki, ilk duelin nəticəsi yalnız və yalnız "Qəbələ"nin çempionluq şansının təsdiq edilməsi, ona mənəvi dəstəyin verilməsindən başqa bir şey deyil. Komanda ikinci dövrə və qış fasiləsindən sonra tam fərqli oyun nümayiş etdirə bilər. Bunu əvvəlki illər də təsdiq edir. Əsas diqqəti Avropaya kökləmək istədiyi açıq hiss olunan "Qarabağ"ın isə hələlik daxili yarışda susqunluğu başa düşülən sayıla bilər. Lakin komandada enişə meyillilik aşkar hiss olunur. Doymuş buxar kimi onun oyununda yeniliklər görünmür. Əksinə, futbolçuların özünəgüvəni bir az da həddini aşmağa başlayıb. Nizam arxa planda, oyun quruculuğunda itib. Əlbəttə, iddia etmək olar ki, "Qəbələ"nin ildırımsürətli iki hücumundan sonra, əsasən, ikinci heyətin üzvləri ilə meydana çıxmış "Qarabağ" yavaş-yavaş özünə gəldi, hətta bu oyunda məğlub olmamalı idi. Tam doğru fikirdir. Lakin "nə tökərsən aşına, o da çıxar qaşığına", - prinsipi ilə komanda bu oyunda yüksək ədalət işarəsini aldı. Klubda durğunluq başlamamış oyun elementlərində də dəyişikliyə ehtiyac var.

İlk hissədə rəqibini hər planda, hətta iki qoldan sonra təzyiq elementlərində də lap çarəsiz hala salmış "Qəbələ"nin ikinci hissədəki oyunu da bir işarədir. Çünki bu oyunla komanda istənilən rəqibə yenilə bilər. Halbuki indiyə qədər komandanın top buraxmaması rəqibləri üçün psixoloji təzyiq maşınına çevrilib.

Bu iki komandanın oyunu ilə bağlı kifayət qədər söz yığılıb, lakin onları bir icmalda qeyd etmək imkanı məhduddur. Buna görə də hələlik söhbəti bu məqamda yekunlaşdırıb, digər Premyerliqa iştirakçılarından bəhs edək. Nəhayət ki, "Neftçi" yeni sükançı ilə ilk qələbəsini qazandı. Lakin "Qəbələ"nin "Qarabağ"la görüşündə olduğu kimi, bu qələbə olmaya da bilərdi. Matç boyu daha kəsərli hücum edən tərəf məhz gəncəlilər idilər. Sadəcə, ağdamlılar kimi, onlara da gah ustalıq, gah da bəxt imkan vermədi.

Digər klubların bir-birinə bənzəməyən - bəzən nizamlı, bəzən də nizamsız oyunu da gözlənilən və proqnozlaşdırılan idi. Bütün bunların təməlində isə klubların davamlı iş prinsiplərinin olmaması dayanır. Amma qış fasiləsinə qədər son böyük tənəffüs başlayıb. Komandalar bundan imkan daxilində daha səmərəli bəhrələnməyə çalışmalıdırlar. Əlbəttə, "yeməklə doymayan" məsəlinə uyğun olaraq, köklü heç nə dəyişməyəcək. Lakin praktiki vərdişlər, taktiki dəyişikliklər, funksional-fiziki hazırlığın artırılması oyunda dönüş yaratmağa yetərlidir.

Xəbər 1143 dəfə oxundu.