Aleksander Çeferin: Azərbaycanın Avrokubok yarışlarının finalına ev sahibliyi etmək şansı var
Azərbaycanda səfərdə olan UEFA-nın yeni prezidenti Aleksander Çeferin sentyabrın 30-da Qız qalasının qarşısında jurnalistlər üçün brifinq keçirib.

Səfərlə bağlı təəssüratlarını bölüşən A.Çeferin futbol üzrə 2020-ci ildə keçiriləcək Avropa çempionatının 13 şəhərdə təşkil olunmasının önəmini qeyd edərək deyib: “Bu cür tədbirlər futbolun inkişafına müsbət təsir göstərir. Ümidvaram, belə təşəbbüslər Azərbaycanda uşaqların futbola cəlb olunmasına kömək edəcək və komandanız böyük turnirlərin final mərhələsində çıxış etmək hüququ qazanacaq”.

“Avro-2020”nin Bakıda keçiriləcək oyunları ilə bağlı hazırlanan loqo barədə fikirlərini bölüşən qitə futbol qurumunun rəhbəri deyib: “Loqonu çox bəyəndim. Bu mötəbər turnirlə bağlı hazırlanan loqoların əsas ideyası millətlərin birliyidir”.

A.Çeferin Azərbaycanda futbol infrastrukturu ilə bağlı danışarkən bildirib: “Cəmi bir gündür Azərbaycandayam. Ötən gün “8-ci km” stadionunda “Qəbələ”-“Maynts” oyunu izlədim. Bol qolların şahidi olduq. Bu məqamlar azarkeşlər tərəfindən çox bəyənilir. Bakı Olimpiya Stadionunu da görmüşəm və arena çox gözəldir”.

Azərbaycan paytaxtının gələcəkdə UEFA Çempionlar Liqasının və ya Avropa Liqasının final matçına ev sahibliyi etmək şansını müsbət qiymətləndirən A.Çeferin qeyd edib: “Bununla əlaqədar təklif üçün UEFA-ya sifariş göndərmək lazımdır. Təbii ki, Azərbaycanın qalib olmaq şansı var. Sifariş kitabçasında ən yüksək yerdə olan şəhərlərə mötəbər turnirlərin final qarşılaşmalarının təşkilatçılığı həvalə edilir”.

UEFA rəhbəri “Avro-2020”nin dörd oyununa (üç qrup və bir dörddəbir final) ev sahibliyi edəcək Bakının loqosunun sentyabrın 30-da keçiriləcək təqdimat mərasimində iştirak etmək üçün AFFA prezidenti Rövnəq Abdullayevin dəvəti ilə ölkəmizdə səfərdədir. Loqonun təqdimat mərasimi Bakı Olimpiya Stadionunda keçiriləcək.

AZƏRTAC

Xəbər 803 dəfə oxundu.