“Neftçi” ev oyununda “Sumqayıt”a məğlub olub
Sentyabrın 27-də futbol üzrə Topaz Premyer Liqasında VI tura yekun vurulub.

Turun sonuncu oyununda “Neftçi” komandası “Sumqayıt” klubunu qəbul edib. “Əlincə Arena”da keçirilən matçda ilk dəqiqələrdən hücuma keçən “Neftçi” 6-cı dəqiqədə hesabı açıb. Cavid İmamverdiyev topu tora göndərib - 1:0. Qoldan 13 dəqiqə sonra “Sumqayıt”ın futbolçusu Yusif Nəbiyev oyunda tarazlığı bərpa edib - 1:1. Komandalar qalan dəqiqələrdə hücumlar etsə də, birinci hissə bu hesabla yekunlaşıb.

İkinci hissədə qonaqlar oyuna daha fəal başlayıblar. Bunun məntiqi nəticəsində oyunun 71-ci dəqiqəsində Seymur Əsədov komandasının ikinci topunu vurub. Qarşılıqlı hücumlara baxmayaraq görüşdə hesab dəyişməyib və “Sumqayıt” 2:1 hesabı ilə qalib gəlib.

Beləliklə, bu nəticə ilə 7 xal toplayan “Sumqayıt” “Kəpəz” ilə 4-5-ci pillələri bölüşdürür. “Neftçi” isə 3 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Altı turdan sonra “Qəbələ” 16 xalla turnir cədvəlinə başçılıq edir. Aktivinə 14 xal yazdıran “İnter” ikinci, “Qarabağ” komandası isə 13 xalla üçüncü pillədədir.

Xəbər 737 dəfə oxundu.