Nicat Abbasov “Baku open-2016” turnirinin bürünc medalçısı olub
Novxanıdakı “AF-Hotel” otelində 11 ölkədən olan gənc şahmatçılar arasında “Baku open-2016” beynəlxalq turniri başa çatıb.

Doqquz turdan ibarət olmaqla İsveçrə sistemi üzrə keçirilən bu turnir Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmişdi.

“A” qrupunda doqquz ölkədən 56 iştirakçı mübarizə aparırdı. Doqquz turun yekunlarına əsasən turnirin qalibi yeddi xal toplamış ukraynalı beynəlxalq usta Stanislav Boqdanoviç (2591) olub. Turnirin reytinq-favoriti, Rusiya şahmatçısı Vladimir Artemyev (2663) 6,5 xal toplayaraq ikinci yeri tutub. Üç iştirakçının hərəsinin aktivində altı xal vardır. Lakin əlavə göstəricilər nəzərə alınmaqla həmyerlimiz – beynəlxalq qrossmeyster Nicat Abbasov (2552) bürünc medala layiq görülüb. Altı xal toplayana iştirakçılar arasında Azərbaycanın daha bir nümayəndəsi Vüqar Rəsulov da var.

“B” qrupunda altı ölkədən 128 iştirakçı çıxış edirdi. Üç şahmatçının hər biri 7,5 xal toplayıb. Əlavə göstəricilər nəzərə alınmaqla fəxri kürsünün ən yüksək pilləsinə İran nümayəndəsi Arya Omidi çıxıb. Bu qrupda ikinci və üçüncü yerləri Azərbaycan şahmatçıları Amil Abbasov və Eldar Musayev tutub.

42-ci Ümumdünya Şahmat Olimpiadasının keçirildiyi günlərdə «Baku Crystal Hall» sarayında start götürmüş “C” qrupunda 111 şahmatçı iştirak edirdi. Həmin qrupda 9 mümkün xaldan 8 xal toplamış Mətin Mürsəlli qalib gəlib.

Festivalda bu qədim və gözəl oyunun 11 ölkədən olan 180 pərəstişkarı iştirak edirdi.

“Baku open-2016” festivalının ümumi mükafat fondu 25 min dollar olub.

Xəbər 700 dəfə oxundu.