Foqts hücum futboluna üstünlük verəcək
Azərbaycan milli komandası Sinqapur yığması ilə bugünkü yoldaşlıq görüşündə hücum futbolu oynayacaq. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, almaniyalı baş məşqçi Berti Foqts orta asiyalılara qalib gəlməli olduğumuz oyuna 3 ön xətt futbolçusu ilə çıxmağı üstün tutub. Belə ki, Rauf Əliyev, Vüqar Əsgərov və Rizan Umarovun hər üçü forvarddır. Sadəcə, Raufun mərkəzdə, digərlərinin cinahlardan ona yardımçı olacağı gözlənilir. Yeri gəlmişkən, müvafiq olaraq İspaniya və Latviyada oynayan Rizavla Vüqar millimizin debütantlarıdır.

Foqts, millimizin əsas qapıçısı olan Kamran Ağayevi ilk oyunda start heyətindən kənarda qoymağı qərara alıb. Bunu da Kamranın Premyer Liqamızın son turunda səhhətində problem üzündən oynamamağı ilə əlaqələndirmək olar. Belə olan halda, almaniyalı çalışdırıcı son oyunumuz olan Albaniya yığması ilə ötən ilin noyabrında səfərdəki yoldaşlıq görüşündə millidə debüt edən Andrey Popoviçə qapıda yer verib.

Müdafiənin mərkəzində Rəşad Sadıqovla Vladimir Levin yer alacaq. Müdafiənin sol cinahı Ufuk Budaka, sağ cinahı Mahir Şükürova etibar olunub. Son turda komandalarının görüşündə qollar vuran Rahid Əmirquliyevlə Aleksandr Çertoqanov yarımmüdafiənin mərkəzində, Əfran İsmayılov sağ cinahında oynayacaq.

Xəbər 892 dəfə oxundu.