Sergey Makarıçev: “Vüqar dünyasını dəyişəndən sonra komandada əvvəlki əhval-ruhiyyəni tam bərpa etmək mümkün olmayıb”
Tanınmış rusiyalı şahmatçı və məşqçi Sergey Makarıçev 42-ci Ümumdünya Şahmat Olimpiadası barədə, Bakı haqda və Azərbaycan şahmatçılarının bu Olimpiadada iştirakı barədə təəssüratlarını bölüşüb.

Sergey Makarıçevin rəhbərliyi altında SSRİ və Rusiya yığmaları beş dəfə - 1982, 1984, 1986, 1988 və 1992-ci illərdə Ümumdünya Şahmat Olimpiadalarının qızıl medallarını qazanıb, 1989-cu və 1992-ci illərdə Avropa çempionatlarının qalibləri olub. Artıq 20 ildir ki, S.Makarıçev və onun həyat yoldaşı Marina “NTV-plyus” telekanalında “Şaxmatnoye obozreniye” (“Şahmat icmalı”) verilişinin aparıcılarıdırlar. Cütlük dəfələrlə Bakıda olub və şəhərimizin gözəlliyinə heyranlığını bildirib. Onlar bu yaxınlarda Azərbaycan paytaxtında keçirilən Ümumdünya Şahmat Olimpiadası haqqında da verilişlər hazırlayıblar.

S.Makarıçevlə müsahibəni təqdim edirik.

-Sergey Yuryeviç, siz dəfələrlə Bakıda olmusunuz...

-Elədir. Mən ilk dəfə hələ sovet hakimiyyəti dövründə, sonra isə daha bir neçə dəfə Bakıda olmuşam. Bu dəfə Marina ilə mən axır ki, sizin şəhərinizlə, onun maraqlı sakinləri ilə yaxşıca tanış ola bildik. Sizə bir sirr açım ki, bizim təzə qohumlarımız – gəlinimizin valideynləri əslən Bakıdandırlar. Bu şəhərdə onların çoxlu tanışları qalıb. Ona görə də bu dəfə onlarla birlikdə Bakıda çox gəzdik. Dənizkənarı Bulvarda, İçərişəhərdə olduq. Bakıya inanılmaz dərəcədə qayğı göstərilməsi hiss olunur. Bu böyük məkanda tarix və müasirlik uğurlu şəkildə əlaqələndirilib. Onu hansı şəhərə bənzətmək olacağını bilmirəm. Bakı – xüsusi şəhərdir.

-Şahmat Olimpiadası barədə nə deyə bilərsiniz?

-Hər şey ən yüksək səviyyədə keçdi. Öz təcrübəmə əsasən cəsarətlə deyə bilərəm: heç vaxt elə olmayıb ki, iştirakçılar tərəfindən ümumiyyətlə heç bir irad bildirilməsin. Yaxşı deyiblər, hamının xoşuna gəlmək mümkün deyil, amma Bakı göstərdi ki, bu da mümkündür. Olimpiadanın bağlanış mərasimində qonaqlar arasından bir neçə rəsmi şəxs turnirin təşkilini yüksək qiymətləndirərək bildirdi ki, Bakı bu mənada çox yüksək hədd müəyyən edib.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentləri Faiq Həsənov və Mahir Məmmədovla həm mənim, həm də xanımımın münasibətlərimiz çox yaxşıdır. Ehtiyac olarsa, imkanım daxilində kömək etməyə çalışaram, amma öz təklifimi zorla qəbul etdirməyi xoşlamıram.

-Turnirdə Rusiya yığmasının çıxışını necə qiymətləndirirsiniz?

-Əlbəttə, Rusiya yığmasından çox şey gözləyirdik və Federasiyanın prezidenti ümid edirdi ki, komandaya başçılıq etməklə onun Olimpiadada qalibi gəlməsinə kömək edəcək. Amma təəssüf ki, şahmatçılar öz imkanlarından aşağı səviyyədə çıxış etdilər. Bütün komandadan yalnız Kramniki qeyd etməyə dəyər. O, öz inamlı oyunu ilə yığma komandanı arxasınca aparırdı və bu oyun sayəsində komanda FİDE-nin reytinq siyahısında yenidən ikinci ola bildi. Əvvəlki olimpiadalarda Rusiya yığması rəqiblərini xeyli qabaqlayırdı, amma bu dəfə bizim və Amerika yığmasının reytinqi təxminən eyni oldu. Stabillik və digər göstəricilər üzrə ABŞ komandasının qalib gəlməsi yəqin ki, qanunauyğun haldır. Hərçənd burada da hər şey birmənalı deyil: əgər həlledici matçda biz onlara qalib gələ bilsəydik, fəxri kürsüdə yerlərimizi dəyişə bilərdik.

Qadınlardan ibarət yığma komanda da inamsız çıxış etdi. Ola bilsin ki, bundan əvvəlki iki olimpiadada qızlar imkanlarından daha yüksək səviyyədə çıxış edərək iki çempion titulu qazanıblar. Amma bu dəfə onların bəxti gətirmədi.

-Hansı komanda sizi heyrətləndirdi? Azərbaycan qrossmeysterləri barədə nə deyə bilərsiniz?

-Amerikalılar məni ona görə heyrətləndirdilər ki, dəfələrlə bu cür turnirlərin iştirakçısı olmuş çox güclü qrossmeyster Qata Kamskini Bakıya gətirməmişdilər. Hindistanın həm kişilərdən, həm də qadınlardan ibarət komandaları məni yaxşı mənada təəccübləndirdi. Polyaklar da pis oynamadılar.

Amma azərbaycanlıların əvəzinə heyfsiləndim. Turnirin birinci yarısında Azərbaycanın kişilərdən ibarət yığma komandası çox yaxşı başlamışdı. Amma nə isə bir gərginlik hiss olunurdu. Beşinci turda hindistanlı rəqiblərinə böyük hesabla məğlub olandan sonra vəziyyət get-gedə pisləşdi başladı. Mənim fikrimcə, Şəhriyar Məmmədyarov öz partiyalarında hədsiz riskə getməyə, nəyin bahasına olur olsun qalib gəlməyə çalışaraq vəziyyəti gərginləşdirməyə başlayıb. Teymur Rəcəbovun oyunu alınmırdı, Naydiç isə turnirin əvvəlində yaxşı oynayırdı, amma sonra birdən-birə uduzmağa başladı. Rauf Məmmədovun oyunu layiqli təsir bağışladı, amma Eltac Səfərli barədə bunu demək olmaz.

Azərbaycanın çox güclü üç şahmatçısı olduğu dövrdəki zərbə qüvvəsi indi yoxdur. Vüqar Həşimovun sağlığında komanda öz gücünü hiss edir, başa düşürdü ki, hər bir rəqiblə bərabər səviyyədə oynaya bilər. Vüqar dünyasını dəyişəndən sonra komandada əvvəlki əhval-ruhiyyəni tam bərpa etmək mümkün olmayıb.

AZƏRTAC

Xəbər 627 dəfə oxundu.