“Dinamo” rəhbərliyi Roman Qriqorçuku komandaya cəlb etmək istəyir
Kiyevin “Dinamo” futbol klubu yeni baş məşqçi axtarışına çıxıb.

Paytaxt təmsilçisi hazırkı çalışdırıcı Sergey Rebrovun işindən narazıdır.

Cari mövsümdə ilk dörd oyunun üçündə məğlub olan “Dinamo” rəhbərliyi bu səbəbdən sabiq futbolçu ilə yolları ayırmaq qərarına gəlib. Onun postuna namizəd kimi iki nəfər göstərilir. Bunlar “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk və Rusiyanın “Krasnodar” klubunun keçmiş çalışdırıcısı Oleq Kononovdur. Məlum olub ki, məşqçi axtarışı ilə birbaşa klubun sahibi İqor Surkis məşğul olur.

Ukrayna mətbuatı Kononovla anlaşmanın daha real olduğunu yazıb. Onlar buna səbəb kimi, Qriqorçukun “Qəbələ” ilə birlikdə UEFA Avropa Liqasının qrup mərhələsində çıxışını göstəriblər. Kiyev təmsilçisi Qriqorçukla danışıqlara hələ start verməyib.

Qeyd edək ki, əvvəllər “Metallurq” və “Çernomorets” kimi klubları çalışdırmış Roman Qriqorçuk 2015-ci ilin əvvəlindən “Qəbələ”yə rəhbərlik edir.

Xəbər 674 dəfə oxundu.