Futzal üzrə millimizin baş məşqçisi: Azərbaycan və Tailand komandalarının şansları bərabərdir
Kolumbiyada futzal üzrə dünya çempionatının final mərhələsində çıxışını davam etdirən Azərbaycan millisinin baş məşqçisi Milton Luis Ziller Junior və komandanın hücumçusu Oliveira Villiams de Nasimento Tailand yığma komandası ilə oyundan əvvəl FIFA-nın təşkil etdiyi rəsmi mətbuat konfransında iştirak ediblər.

Komandasını səkkizdəbir final mərhələsində çətin oyunun gözlədiyini bildirən Milton Luis Ziller Junior deyib: “Tailand qrup mərhələsində 6, biz isə 4 xal topladıq. Şanslar bərabərdir. Tailand yığmasının Rusiya millisi ilə keçirdiyi oyunu izləmişik. Heyətlərində xüsusi qeyd edə biləcəyim iki futzalçı var. Onlardan biri - 7 nömrəli oyunçu arxa xətdə çıxış edir. Digəri isə 9 nömrəli oyunçudur. Bu futzalçının həm sol, həm də sağ ayağı işləkdir. Komanda şəklində çox gözəl hərəkət edirlər. Qarşıda hələ iki gün vaxtımız var. Videoyazılara baxıb, daha yaxşı təhlil edəcəyik. Çalışacağıq ki, faydalana biləcəyimiz cəhətləri tapaq. Eyni zamanda, güclü tərəflərini öyrənək ki, ondan istifadə etmələrinə imkan verməyək. Məşqlərdə çatışmazlıqlarımız üzərində də işləyəcəyik”.

Dünya çempionatında iştirak edən braziliyalıların sayının çox olduğunu qeyd edən Oliveira Villiams de Nasimento vurğulayıb: “Azərbaycan mənim ürəyimdir. Sevdiyim ölkənin uğur qazanması üçün hər zaman çalışıram. Tailand yığması ilə oyuna gəldikdə, asan görüş olmayacaq. Rəqibimizin heyətindəki futzalçılar 4-5 ildir bir yerdə çıxış edirlər. Üstəlik, təcrübəli baş məşqçiləri var. Taktiki planda çox güclü mütəxəssisdir. Aut və künc zərbələri zamanı müxtəlif “ev tapşırıqları” yerinə yetirirlər”.

Xəbər 828 dəfə oxundu.