“Qəbələ” komandası AZAL-ın qapısından üç cavabsız top keçirib
Sentyabrın 19-da futbol üzrə Topaz Premyer Liqasının beşinci turu çərçivəsində “Qəbələ” komandası AZAL klubu ilə qarşılaşıb.

“Qəbələ”nin tam üstünlüyü şəraitində keçən matçda hesab 31-ci dəqiqədə açılıb. Filip Ozobiç cərimə zərbəsindən vurduğu gözəl qolla adını tabloya yazdırıb -1:0. İlk hissənin qalan dəqiqələrində Roman Qriqorçukun yetirmələri AZAL-ın qapısı qarşısında bir neçə qol vəziyyəti yaratsalar da, hesab dəyişməyib.

Məğlubiyyətdən yaxa qurtarmaq üçün ikinci hissənin ilk on dəqiqəsində təzyiqi artıran AZAL növbəti qolu öz qapısında görüb. Matçın 56-cı dəqiqəsində “Qəbələ”nin əks-hücumunu dəqiq zərbə ilə tamamlayan Ruslan Qurbanov hesab arasındakı fərqi iki topa çatdırıb. Roman Hüseynov doqquz dəqiqə sonra qonaqları üçüncü dəfə oyuna mərkəzdən başlamağa məcbur edib – 3:0. Qalan dəqiqələrdə hesab dəyişməyib və “Qəbələ” AZAL-ı üç cavabsız topla məğlub edib.

Beləliklə, aktivindəki xalların sayını 10-a çatdıran “Qəbələ” turnir cədvəlində ikinci pilləyə yüksəlib. Beş tur ərzində qələbə qazana bilməyən AZAL isə 1 xalla turnir cədvəlində sonuncu pillədə yer alıb.

Xəbər 717 dəfə oxundu.