Avropa Cüdo İttifaqının saytı qitə çempionumuzdan yazıb
Mən Avropa çempionu adını qazandığım üçün çox sevinirəm. İkinci dəfə Avropa birinciliyinin qalibi oldum.

Bunu İspaniyanın Malaqa şəhərində keçirilən gənc cüdoçular arasında Avropa çempionatının qalibi Hidayət Heydərov deyib. Belə ki, yarışın ilk günü 8 finaldan ikisini Azərbaycan millisinin üzvləri qazanıblar. Avropa Cüdo İttifaqının rəsmi saytı 73 kiloqram çəki dərəcəsində mübarizə aparan atletimizin çıxışına xüsusi toxunub.

Bildirilib ki, Azərbaycan cüdoçusu qızıl medalı stabil döyüşü ilə qazanıb: “19 yaşlı cüdoçu günə yüksək xalla başlasa da, qəfildən yuko ilə az qala rumıniyalı rəqibi Aleksandru Raisu tərəfindən məğlub olacaqdı. “Mən çox əsəbi idim və fikirləşirdim ki, uduzacam”, - deyə H.Heydərovun bu sözləri xatırlanıb. Lakin azərbaycanlı cüdoçu rumın Raisunu ipponla məğlubiyyətə uğratdıqdan sonra düşüncələrinə hakim olub. İkinci mərhələdə Heydərov Tomas Çerniavski (Polşa) ilə üz-üzə gəlib və o rəqibini yuko hesabı ilə məğlub edib. Bundan sonra, idmançımiz Daniel Pouell (Böyük Britaniya) və Akil Gjakovani (Kosova) üzərində də inamla qələbə qazanaraq finala adını yazdırıb”.

Saytda H.Heydərovun final görüşünün ən yaddaqalan an olduğu vurğulanıb: “Hidayətin gürcüstanlı Georgi Katsiaşviliyə qalib gələcəyinə bütün azarkeşləri inanırdı. O, çətinlik çəkmədən öz rəqibini məğlub edərək qızıl medalı qazanıb”.

Həmyerlimiz isə bildirib ki, əsas məqsədi uğurları sıralamaqdı: “Daha əvvəl Katsiaşviliyə uduzub, sonra gənclərin qitə çempionatının finalında ona qalib gəlməyim məni sevindirən və məmnun edən əsas amildir. Növbəti hədəfim noyabrda Təl-Əvivdə keçiriləcək U-23 Avropa birinciliyində çempion olmaqdı”, - deyə cüdoçu sözlərinə əlavə edib.

Xəbər 711 dəfə oxundu.