AFFA UEFA-nın seminarında təmsil olunacaq
Maltanın Sent-Culians şəhərində UEFA-nın bütün üzv assosiasiyalarının nümayəndələrinin iştirakı ilə “Klubların Lisenziyalaşdırılması və maliyyə “Fair-play”i” mövzusunda seminar keçiriləcək.

Sentyabrın 21-də başlayacaq tədbirdə UEFA-nın üzvlərindən əlavə, Avropa futbol təşkilatının dəvəti ilə digər konfederasiyaların nümayəndələri (AFC, CONMEBOL, CONCACAF) də iştirak edəcəklər.

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov, lisenziyalaşdırma üzrə ekspertlər Bəhram Dadaşov və Anar Kazımlının iştirak edəcəyi seminarda 2016-cı il üzrə Lisenziyalaşdırma üzrə qəbul olunmuş qərarlar və müvafiq nəticələr, “3 illik üzvlük qaydası” və xüsusi icazənin tətbiq olunması, UEFA-nın Lisenziyalaşdırma üzrə statistik hesabatın təqdimatı müzakirə olunacaq.

Həmçinin FİFA-nın Klubların Lisenziyalaşdırılması üzrə qaydalarında baş verəcək dəyişikliklərin, 2018-2021-cı il dövründə UEFA-nın yarışlarında tətbiq olunacaq dəyişikliklərin Lisenziyalaşdırma və Maliyyə “Fair-play” sisteminə potensial təsiri, qadın futbolunun inkişafında Lisenziyalaşdırma sisteminin vacibliyi, Gənclər Futbolunun İnkişafı Proqramının qiymətləndirilməsi və futbol akademiyalarının inkişafı, klubların azarkeşlərlə əlaqələndirici şəxslərin fəaliyyəti mövzusunda müzakirələr nəzərdə tutulub.

2015-2016-cı illər ərzində Maliyyə “Fair-play” üzrə klublarda aparılan monitorinqlər və onların nəticələri, klublara Maliyyə Nəzarəti Orqanının (Club Financial Control Body (CFCB) fəaliyyəti dəyərləndiriləcək, UEFA-nın və federasiyaların əməkdaşları arasında ikitərəfli görüşlər keçiriləcək və müzakirələr aparılacaq.

Qeyd edək ki, seminar sentyabrın 23-də başa çatacaq.

Xəbər 665 dəfə oxundu.