Paralimpiyaçılarımız Rio-de-Janeyroda Azərbaycanın adını daşıyan bələdiyyə məktəbində olublar
Sentyabrın 12-də Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov, Azərbaycan Respublikasının Gənclər və idman nazirliyinin sektor müdiri Aydın Məmmədov, Azərbaycan Paralimpiya cüdo komandasının məşqçisi İbrahim İbrahimov, ikiqat paralimpiya çempionu, komandamızın kapitanı İlham Zəkiyev, “Rio-2016” Paralimpiya Oyunlarının qalibi Ramil Qasımov və gümüş mükafatçısı Bayram Mustafayev Rio de Janeyro şəhərində yerləşən Azərbaycanın adını daşıyan bələdiyyə məktəbini ziyarət edib, məktəbin müəllim və şagirdləri ilə görüşüblər.

Səfir E.Sultanov bu görüşün məktəblilər üçün Azərbaycanın tanınmış paralimpiya idmançıları ilə yaxından tanış olmağa imkan yaratdığını vurğulayıb və paralimpiya komandamızın uğurlarından bəhs edib.

Sonra Azərbaycan paralimpiyaçıları idmanla məşğul olmağın əhəmiyyətindən, qazandıqları nailiyyətlərdən ətraflı danışıb və şagirdlərin çoxsaylı suallarını cavablandırıblar.

Bələdiyyə məktəbinin direktoru Fabio Millioni Azərbaycan nümayəndə heyətinə məktəbi ziyarət etdiklərinə görə dərin təşəkkürünü bildirib.

Sonda Azərbaycan nümayəndə heyəti məktəblə tanış olub, məktəbin müəllim və şagirdləri ilə xatirə şəkilləri çəkdirib.

Xəbər 1501 dəfə oxundu.