“Ocaq Sport” komandası klublararası dünya çempionatında dördüncü yeri tutub
Azərbaycanın “Ocaq Sport” komandası Yaponiyanın paytaxtı Tokioda keçirilən bədii gimnastika üzrə klublararası dünya çempionatı – “AEON CUP-2016”da dördüncü yeri tutub.

Xəbər verdiyimiz kimi, yarışda dünyanın 26 ölkəsinin 31 klubunu təmsil edən 93 gimnast mübarizə aparırdı.

“Ocaq Sport” komandası yarışlara Rusiyanın “Qazprom”, Belarusun “Dinamo”, Ukraynanın “Deryuginlər məktəbi” və Yaponiyanın “AEON” klubları ilə birlikdə birbaşa final mərhələsində qatılmışdı. Komandamızın tərkibində Zöhrə Ağamirova, Jalə Piriyeva və Marina Durunda çıxış ediblər. İki gün davam edən final yarışlarının yekununda komandamız 197.980 xal toplayaraq dördüncü yerdə qərarlaşıb. Rusiyanın “Qazprom” komandası birinci, Belarusun “Dinamo” komandası ikinci, Ukraynanın “Deryuginlər məktəbi” komandası isə üçüncü yeri tutub.

Komandamızın baş məşqçisi Marianna Vasilyeva bildirib ki, gimnastların çıxışını uğurlu hesab etmək olar. “Əgər ötən il komandamızın beşinci yeri tutduğunu nəzərə alsaq, deyə bilərik ki, qızlarımızın bu ilki çıxışı daha uğurlu alınıb. Əgər Marina Durundanın ilk çıxışlarda yol verdiyi kiçik səhvlər olmasaydı, komandamız daha yüksək pillədə qərarlaşa bilərdi. Amma düşünürəm ki, onun çox cüzi xal fərqi ilə altıncı yerə çıxmasını da yaxşı nəticə hesab etmək olar”, - deyə M.Vasilyeva qeyd edib.

Azərbaycanın Yaponiyadakı səfirliyinə və bu ölkədəki diaspor təşkilatına göstərdikləri dəstəyə görə minnətdarlığını bildirən baş məşqçi deyib ki, komandanın uğurunda onların da xüsusi payı var.

Bədii gimnastika üzrə dünyanın ən güclü komandalarının qatıldığı çempionat sentyabrın 11-də yekunlaşıb.

AZƏRTAC

Xəbər 787 dəfə oxundu.