Bakı Şahmat Olimpiadasında doqquzuncu tura yekun vurulub
Sentyabrın 11-də “Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının doqquzuncu turu keçirilib.

Azərbaycanın kişilərdən ibarət əsas komandası Rusiya millisinə 1:3, ikinci yığmamız Vyetnama 1,5:2,5 hesabı ilə uduzub. “Azərbaycan-3” komandası isə Hondurası (3:1) məğlub edib.

Doqquz turdan sonra hesabında 13 xal olan əsas komandamız turnir cədvəlində 8-ci sırada qərarlaşıb. İkinci yığmamız 11 xalla 33-cü, üçüncü komandamız isə 10 xalla 71-cı pillədədir. Turnir cədvəlinə hər birinin hesabında 16 xal olan ABŞ və Ukrayna komandaları başçılıq edirlər. Rusiya yığması isə 15 xalla üçüncü pillədə qərarlaşıb.

Azərbaycanın qadınlardan ibarət əsas millisi isə doqquzuncu turda Ukrayna yığmasına 0,5:3,5 hesabı ilə məğlub olub. İkinci komandamız Fransaya uduzub – 1:3. Üçüncü komandamız isə Əlcəzair yığmasının müqavimətini qıra bilməyib – 2:2.

Qadınların turnirində əsas komandamız hazırda 12 xalla 19-cu pillədədir. On bir xal toplayan ikinci komandamız 27-ci, üçüncü yığmamız isə 33-cü sırada yer alırlar. Çin şahmatçıları 16 xalla birinci, Polşa millisi 15 xalla ikinci pillədədir. Ukrayna, Rusiya, Hindistan və ABŞ şahmatçıları 14 xalla 3-6-cı yerləri bölüşürlər.

AZƏRTAC

Xəbər 787 dəfə oxundu.