«Ay-ulduzlular»ımızın matçı canlı yayımda
Azərbaycan milli komandasının fevralın 24-də, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Sinqapur yığması ilə keçirəcəyi yoldaşlıq oyunu canlı yayımlanacaq. İdman.com.az saytının məlumatına görə, qarşılaşma affatv.az saytı vasitəsilə azarkeşlərə canlı təqdim olunacaq. Saat 17:30-da başlayacaq matç AFFA-nın rəsmi internet televiziyası ilə yayımlanan ilk qarşılaşma olmayacaq.

İndiyədək www.affatv.az 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Qazaxıstanın Astana şəhərində keçirilmiş “Prezident kuboku” turnirində, Moldovanın Kişinyov şəhərində keçirilən “FA of Moldova Cup” turnirində, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Xorvatiyada keçirilən bütün oyunları, “Caspian Cup” turnirinin əksər qarşılaşmalarını yayımlayıb. Bundan savayı, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının İspaniyanın Marbelya şəhərində təşkil olunmuş turnirdə keçirdiyi görüşləri azarkeşlərimiz canlı seyr ediblər.

Həmçinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçirdiyi bir neçə oyun, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının AÇ-nin seçmə mərhələsində keçirdiyi matçlar, Bakı Beynəlxalq Futzal Turnirinin bütün qarşılaşmaları, futzal üzrə Avropa çempionatının Bakıda təşkil olunmuş qrup oyunları və digər qarşılaşmalar affatv.az vasitəsilə canlı yayımlanıb.

Xəbər 899 dəfə oxundu.