Azərbaycanın və Kubanın Şahmat federasiyaları arasında anlaşma memorandumu imzalanıb
Sentyabrın 9-da Azərbaycanın və Kubanın Şahmat federasiyaları arasında əməkdaşlıqla bağlı anlaşma memorandumu imzalanıb.

Memorandumu Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov və Kuba Şahmat Federasiyasının vitse-prezidenti Karlos Rivera Qonzales imzalayıblar.

Memorandumun imzalanmasının önəmini xüsusi vurğulayan Karlos Rivera Qonzales deyib: “Hazırda çox gözəl şəhərdə yüksək səviyyədə təşkil olunan mötəbər yarışdayıq. Bu yarışa dəvət üçün Kuba Şahmat Federasiyası adından təşəkkür edirəm. Biz bu əməkdaşlıqda çox maraqlıyıq. Çünki memorandum hər iki ölkədə şahmatın inkişafına mühüm töhfə verəcək. Fəxrlə bildirirəm ki, kubalı dünya çempionu Xose Raul Kapablankanın xatirəsinə həsr olunan növbəti yarışda azərbaycanlı şahmatçı da iştirak edəcək”.

Mahir Məmmədov memorandumun Azərbaycan şahmatı üçün faydalı olacağını vurğulayaraq deyib: “Bu sənəd əməkdaşlıq üçün güclü zəmin yaradır. Kuba güclü şahmat ənənələrinə sahib ölkədir və üçüncü dünya çempionu Xose Raul Kapablankanın vətənidir. Şahmatçılarımız daha əvvəl də Kubada keçirilən yarışlarda iştirak ediblər. Ümidvaram ki, idmançılarımız bundan sonra da Kubada keçiriləcək turnirlərə qatılacaqlar. Kuba şahmat məktəbi indi çox məşhurdur. Kuba ilə əməkdaşlıq bizim üçün məmnunluq doğurur”.

Xəbər 725 dəfə oxundu.