Azərbaycanın qadınlardan ibarət birinci komandası Bakı Şahmat Olimpiadasında liderlər qrupundadır
Sentyabrın 9-da “Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasında yeddinci turun oyunları keçirilib.

Olimpiadanın yeddinci günündə Azərbaycanın kişilərdən ibarət əsas komandası Xorvatiya millisinə qalib gəlib – 3,5:0,5. İkinci komandamız Venesuela ilə xalları yarı bölüb - 2:2. Üçüncü yığmamız isə eşitmə qabiliyyəti zəif olan şahmatçılar ittifaqının (ICCD) komandasına 1,5:2,5 hesabı ilə məğlub olub.

Yeddi turdan sonra kişilərdən ibarət əsas millimiz 11 xalla 8-ci pillədə qərarlaşıb. Doqquz xala malik ikinci komandamız 27-ci, üçüncü yığmamız isə 6 xalla 98-cidir. Turnir cədvəlinə ABŞ millisi başçılıq edir – 13 xal. On iki xala malik Rusiya və Gürcüstan yığmaları 2-3-cü pillədə qərarlaşıb.

Qadınlardan ibarət əsas komandamız isə yeddinci turda Hindistan millisinə 2,5:1,5 hesabı ilə qalib gəlib. İkinci millimiz Belarusdan (3,5:0,5), üçüncü komandamız isə Boliviyadan üstün olub (2,5:1,5).

Qadınlardan ibarət əsas komandamız yeddi turdan sonra 12 xalla Rusiya, Çin, ABŞ və Hollandiya ilə birlikdə 1-5-ci yerləri bölüşür. Millimiz əlavə göstəricilərə görə üçüncüdür. Doqquz xala malik ikinci komandamız 24-cü, üçüncü yığmamız isə 32-ci yeri tutur.

Sentyabrın 10-da Olimpiadada səkkizinci turun görüşləri keçiriləcək.

Xəbər 760 dəfə oxundu.