Bakı-2020 yeni reklam çarxını təqdim etdi
Bu gün Bakı-2020 namizədliyinə dair yeni reklam çarxını tədqim edib. İdman.com.az saytının məlumatına görə, Bakı-2020 İnternet səhifəsində (www.baku2020.com) yerləşdirilən 7 dəqiqəlik yeni reklam çarxı, paytaxtımızın Bakının Sifariş Kitabında əks olunan gələcək olimpiya infrastrukturunun 4 sektorunu əyani nümayiş etdirir. Çarxda həmçinin, Bakının 2020-ci il Olimpiya Oyunlarına ev sahibi seçiləcəyi təqdirdə, istifadə ediləcək digər möhtəşəm tikili və ərazilər də öz əksini tapıb.

Məşhur Hollivud rejisoru Rupert Vainrayt tərəfindən çəkilmiş reklam filmində Azərbaycan paytaxtında aparılan futuristik quruculuq işlərinin görüntüləri və komputer qrafikası vasitəsilə canlandırılan Bakının 2020-ci ildəki mənzərəsi təqdim edilir.
Bakı-2020 Təşkilat Komitəsinin İcraçı Direktoru Könül Nurullayeva reklam çarxını yüksək qiymətləndirib: “Bakı dünyanın hələ açılmamış zəngin xəzinələrindəndir. Paytaxtımız gələn qonaqları öz gözəlliyi və müasirliyi ilə valeh edir.”

K. Nurullayeva Bakının həm tarixi şəhər kimi, həm də, müasir paytaxt kimi xarici qonaqlara böyük maraq bəxş etdiyini vurğulayıb: “Əsrlərdən qalan İçəri Şəhərimiz bu günədək öz qədimliyini quruyub saxlayır və Dünya Mədəni İrsi siyahısına salınmışdır. Digər tərəfdən isə müasir texnologiyalar əsasında şəhərdə qurulan yeni infrastrukturla paytaxtımız dünyaya açılan yeni mərkəzə çevrilir. Azərbaycan hazırda sürətli inkişaf yolu keçir.

Təhsil, elm, texnologiyalar əsasında qurulan yeni iqtisadiyyatımız ölkəmizi qabaqcıl dövlətlər sırasına çıxarır. İdmanımızın gündən-günə inkişafı isə dövlətimizin uğurunu dünyaya çatdırmaq üçün prioritet sahəmizdir. 2020 Olimpiya və Paralimpiya Oyunlarına Ev Sahibliyinə Namizədliyimiz isə Azərbaycanın uzun-müddətli inkişaf strategiyasının bir hissəsidir”. O, həmçinin, yeni reklam çarxının paytaxtımızın gözəlliklərini hələ görməyənlərə Bakıya gəlmək üçün yeni stimul olacağına ümid etdiyini, Azərbaycan xalqına məxsus qonaqpərvərlik ənənələrinin vətənimizə maraq göstərən hər kəs üçün açıq olduğunu bildirib.

Xəbər 1327 dəfə oxundu.