Bakı Şahmat Olimpiadasında altıncı turun oyunlarına yekun vurulub
Sentyabrın 8-də “Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasında altıncı turun oyunları keçirilib.

Olimpiadanın altıncı günündə Azərbaycanın kişilərdən ibarət əsas komandası Yunanıstan millisinin müqavimətini qıra bilməyib – 2:2. İkinci komandamız Rumıniyaya 1,5:2,5 hesabı ilə məğlub olub, üçüncü yığmamız isə Qananı məğlub edib – 4:0.

Altı turdan sonra kişilərdən ibarət əsas millimiz 9 xalla 13-cü pillədə qərarlaşıb. Səkkiz xala malik ikinci komandamız 34-cü, üçüncü yığmamız isə 6 xalla 86-cıdır.

Turnir cədvəlinə maksimum nəticə göstərən Hindistan millisi başçılıq edir – 12 xal. ABŞ millisi 11 xalla ikinci, Hollandiya yığması isə 10 xalla üçüncüdür.

Qadınlardan ibarət əsas komandamız isə altıncı turda Gürcüstan millisi ilə xalları bölüb – 2:2. İkinci millimizin Çexiya ilə oyununda da eyni hesablı heç-heçə qeydə alınıb. Üçüncü komandamız isə Çili üzərində 3:1 hesablı qələbə qazanıb.

Qadınlardan ibarət əsas komandamız altı turdan sonra 10 xalla altıncı pillədədir. Yeddi xala malik ikinci komandamız 38-ci, üçüncü yığmamız isə 37-ci yeri tutur. Xanımların mübarizəsində 6 turdan sonra 11 xalla Rusiya və Ukrayna yığmaları ilk iki yeri bölüşdürür. Hesabında 10 xal olan Polşa millisi isə üçüncüdür.

Sentyabrın 9-da Olimpiadada yeddinci turun görüşləri keçiriləcək.

Xəbər 823 dəfə oxundu.