Bakıda arena polo üzrə dünya kuboku yarışı keçiriləcək
Azərbaycan Respublikasının Atçılıq Federasiyası (ARAF) sentyabrın 9-dan 11-dək Bakıda “CBC Sport” arena polo üzrə dünya kuboku yarışını təşkil edəcək. Binə Atçılıq Mərkəzindəki “Elit Atçılıq və Polo” klubda təşkil ediləcək yarışda dörd beynəlxalq polo klubunu təmsil edən komanda kubok uğrunda mübarizə aparacaq.

Bu sözləri ARAF-ın baş katibi Bəhruz Nəbiyev dünya kuboku yarışları ilə əlaqədar sentyabrın 8-də təşkil olunan mətbuat konfransında deyib.

Baş katib bildirib ki, yarışlara sentyabrın 9-da saat 18:00-dan etibarən start veriləcək. Turnirin sonuncu günü - sentyabrın 11-də üçüncü yer uğrunda oyun və final qarşılaşması keçiriləcək.

B.Nəbiyev qeyd edib ki, yarışda yüz polo atı komandaların ixtiyarına veriləcək. Onların 80-i Argentinadan, 20-si isə Qarabağ bölgəsindən gətirilib. Dünya kuboku çərçivəsində paytaxtımızda “Bakı-Morits polo gecəsi” adlı tədbir də təşkil olunacaq.

Artıq bir neçə ildir ki, ARAF Beynəlxalq Polo Federasiyası (BPF) ilə birlikdə yüksək səviyyəli arena polo üzrə turnirinin keçirilməsinə nail olduğunu deyən B.Nəbiyev bildirib ki, Federasiyanın prezidenti Elçin Quliyevin əməyi nəticəsində polo son dörd ildə ölkəmizdə beynəlxalq səviyyəyə çatdırılıb. Ötən il arena polo üzrə birinci Avropa çempionatında Azərbaycan komandasının qalib gəlməsi buna ən parlaq misal ola bilər.

“Son illərdə Azərbaycanın paytaxtında ARAF, BPF və “Elit Atçılıq və Polo” klubunun birgə təşkilatçılığı ilə üç uğurlu polo turniri keçirilib. Bakıda atçılığın polo növü üzrə iki dəfə dünya kuboku yarışları təşkil olunub. Cari ildə Azərbaycan arena polo üzrə birinci Avropa çempionatına ev sahibliyi edib”, - deyə Bəhruz Nəbiyev vurğulayıb.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Xəbər 1634 dəfə oxundu.