“Tribunaların güclü dəstəyi tərəfimizdə olacaq”
“İlk setdə bizdə hər şey alındı. Həm müdafiədə, həm də top qəbulunda yaxşı oynadıq. Ancaq ikinci hissədə rəqibin topu oyuna daxil etmələrini lazımınca götürə bilmədik”. İdman.com.az saytını məlumatına görə, bunu “Azərreyl”in voleybolçusu Oksana Kovalçuk deyib. Belaruslu legioner Avropa Çempionlar Liqasının 1/4 final mərhələsinin Kazan “Dinamo”su ilə ilk görüşünə münasibət bildirib.

Onun sözünə görə, rəqibin hesabda geridə olmasına baxmayaraq, oyunu öz xeyrinə dəyişə bilməsi qeyd edilməlidir: “Kazanlı qızlara afərin! Onlar lazımı anda artıra bildilər. Söz verirəm ki, biz cavab oyununda bu məğlubiyyətin əvəzini çıxmaq üçün hər şeyi və hətta mümkün olandan artığını edəcəyik”.
Kovalçuk üçün “Dinamo” üçün görüş xüsusi əhəmiyyət kəsb edirdi. Belə ki, o, Kazan təmsilçisinin şərəfini 4 mövsüm qoruduğundan keçmiş komandasına qarşı hansı emosiyalarla oynamağı maraq doğururdu:

“Sanki evə gəlmişdim! Mən ilk dəfə bu zalda idim. Çox xoşuma gəldi. Kazan inkişaf edir, daha da gözəlləşir. Şəhərin voleybola böyük diqqət ayırması sevindirir. Həm kişilərdən, həm də qadınlardan ibarət klubları Çempionlar Liqasında çıxış edir. Azərbaycanda isə qadın voleybolunu daha çox sevirlər. Fikrimcə, fevralın 28-də Bakıdakı cavab matçında tribunaların güclü dəstəyi tərəfimizdə olacaq”.
Qeyd edək ki, “Azərreyl” Kazanda 1:3 hesabı ilə uduzub.

Xəbər 946 dəfə oxundu.