Mahir Məmmədov: Azərbaycan gələcəkdə də şahmat yarışlarına ev sahibliyi edəcək
Bakı Şahmat Olimpiadasının ekvatoruna çatmışıq. Bu gün Olimpiadada istirahət günüdür. Əsl mübarizə də bundan sonra başlayacaq. Ümidvaram ki, yarışın gedişi şahmatsevərləri və media nümayəndələrini qane edir.

İdman.com.az-ın Bakı Şahmat Olimpiadasının rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, 42-ci Ümumdünya Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov yerli və əcnəbi jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

Olimpiadanın hazırlıq prosesinin gərgin keçdiyini qeyd edən M.Məmmədov deyib: “Olimpiadanı keçirmək hüququ qazananda qarşımıza məqsəd qoymuşduq ki, yarışı ən yüksək səviyyədə keçirək. Məqsədimiz Olimpiadanı şahmat bayramına çevirmək idi. Hazırlıq prosesi gərgin oldu. Bakı Şahmat Olimpiadasının digərlərindən nə dərəcədə seçildiyini demək təvazökarlıqdan uzaq olar. Olimpiada başa çatdıqdan sonra işimizə qiymət veriləcək. Çalışırıq ki, Olimpiadanın hər bir iştirakçısı üçün gözəl şərait yaradaq”.

Mahir Məmmədov Olimpiadanın Əməliyyat Komitəsinin rəhbəri olduğu üçün şahmatçılarımızın çıxışını yaxından izləyə bilmədiyini bildirib: “Əminliklə deyə bilmərəm ki, hansısa şahmatçının çıxışını diqqətlə izləyirəm. Ümumi olaraq, komandaların əhval-ruhiyyələrinə baxıram, debütlər, kombinasiyalar haqda çox səthi məlumatım var”.

Olimpiadanın gedişi zamanı ortaya çıxan problemlərdən danışan direktor deyib: “Çalışırıq ki, hansısa problem çıxanda yerindəcə həll edək. Əlbəttə, nə qədər yarışa diqqətlə hazırlaşsan da, fors-major hallar qaçılmazdır. Hazırda şahmatçıların kənardan informasiya almamaları ciddi nəzarətdə saxlanılır. Giriş-çıxış qapılarında nəzarət çox güclüdür. Oyunlardan əvvəl bildirilmişdi ki, kapitanlar yalnız bir dəfə çıxa bilər. Ancaq Yunanıstan yığmasının kapitanı bu şərti pozmuşdu. Ona görə də mühafizə xidməti haqlı olaraq onu zala buraxmaq istəmirdi”.

Milli komandalarımızın geyimi barədə sualı cavablandıran M.Məmmədov bildirib: “Forma mənim ideyam deyildi. Təklif Əməliyyat Komitəsinin üzvlərinin birindən gəldi. Bir çox yarışlarda xüsusi geyimlə çıxış etmək istəsək də, təklif olunan variantlar dəbə uyğun olmadığı üçün bəyənilməmişdi. Amma hazırkı geyim xoşagələndir”.

Olimpiada ilə əlaqədar olaraq “SOCAR-Azerbaijan” şahmat klubunun çıxışına fasilə verildiyini vurğulayan M.Məmmədov Olimpiada və FIDE-nin konqresi ilə əlaqədar xarici qonaqların ölkəmizə gəlişinin davam etdiyini söyləyib. Bildirib ki, nüfuzlu qonaqların gəlişi yenə də gözlənilir. Əsas tədbirlərdən biri növbəti Olimpiadanın təqdimatı olacaq.

Əməliyyat Komitəsinin direktoru Olimpiadanın işıqlandırılması ilə bağlı hər hansı problemin olmadığını, yarışın gedişi zamanı Bakıda əsl şahmat bayramının yaşandığını qeyd edərək deyib: “Əvvəldən məqsədimiz qonaqları yarışa cəlb etmək, bayram əhval-ruhiyyəsi yaratmaq idi. Bu işin öhdəsindən gəlmişik. Şəhərdə bayram əhval-ruhiyyəsi hiss olunur. “Baku Crystal Hall”da gözəl sərgi açılıb, əyləncə mərkəzi yaradılıb. Şahmata aid xeyli maraqlı, baxılası yerlər var. Hər kəsi qonaqpərvərlik zonasına dəvət edirik.

Ölkəmizin gələcəkdə də mötəbər şahmat yarışlarına ev sahibliyi edəcəyini diqqətə çatdıran M.Məmmədov bildirib: “Azərbaycan gələcəkdə də şahmat yarışlarının təşkilindən kənarda qalmayacaq. Nəzərdə tutulan turnirləri təşkil edəcəyik. Üç ildir Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş yarış keçirilir. Həmin turnir gələcəkdə də baş tutacaq. Həm uşaq olimpiadası, həm də FIDE Qran-prilərinin təşkili ilə bağlı bizə müraciətlər var. Olimpiada başa çatan günün ertəsi FIDE ilə müzakirələrə başlayacağıq”.

Xəbər 749 dəfə oxundu.