Zeynəb Məmmədyarova: Ehtiyatlı oynayaraq qələbə qazandım
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının dördüncü turunda – sentyabrın 5-də Azərbaycanın qadınlardan ibarət əsas komandasının üzvü Zeynəb Məmmədyarova Rumıniya ilə görüşdə birinci lövhədə Korina-İzabela Peptanı məğlub edib.

Olimpiadada ardıcıl ikinci, ümumilikdə isə üçüncü qələbəsini qazanan Zeynəb Məmmədyarova oyundan sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

“Dünən və bu gün qarşılaşdığım rəqiblərim yüksək səviyyəli şahmatçılar idi. Həm Polşa, həm də Rumıniya güclü komandadır. Kapitanımız mənə ehtiyatlı, mümkün qədər risksiz oynamağı tapşırmışdı. Hər iki komanda ilə görüşlərdə heç-heçə bizi qane edirdi. Ehtiyatlı oynayaraq qələbə qazandım. Çox şadam ki, bu qələbə yığmamız üçün mühüm əhəmiyyət kəsb edir. Komanda üçün yarım xal da vacibdir. Meksika ilə görüşdə rəqibim reytinqdə məndən zəif idi. Oyun heç-heçəyə doğru getsə də, risk etdim və uduzdum. Həmin yarım xal sonda özünü göstərəcək”, - deyə Z.Məmmədyarova bildirib.

Xanım qrossmeyster qazandığı uğurlarda atası Həmid Məmmədyarovun böyük rol oynadığını vurğulayaraq bildirib: “Atam əksər yarışlarda bizimlə olur. Olimpiadada da bizdən öz dəstəyini əsirgəmir. Hər gün oyundan qabaq tapşırıqlarını verir. Onun məsləhətləri bizə uğur gətirir. Siyasi fəaliyyətimlə əlaqədar son bir ildə yarışlara az qatılıram. Amma vətənpərvərliyimiz özünü göstərir və bu Olimpiadada çıxışımız uğurlu alınır. İnanıram ki, sona qədər yaxşı mübarizə aparmaq üçün enerjimiz çatacaq. Qadın şahmatçılarımız əksər hallarda reytinqlərindən daha yaxşı çıxış edirlər. Bu dəfə də belə olacağına inanıram. Düşünürəm ki, ilk “beşliy”ə düşə bilərik”.

Tanınmış qrossmeyster Vətəndə keçirilən yarışlarda məsuliyyətin daha çox olduğunu vurğulayıb: “2002-ci ildə Bakıda gənclər arasında Avropa çempionatının qalibi oldum. 2003-cü ildə Naxçıvanda dünya çempionatında bürünc medal qazandım, qardaşım Şəhriyar isə çempion oldu. Vətəndə oynamaq psixoloji cəhətdən bir qədər çətindir. Çünki doğma divarlar əlavə məsuliyyətdir. Amma bu məsuliyyət öz işini görür və bizə müvəffəqiyyət gətirir”.

Xəbər 725 dəfə oxundu.