Otüstü hokkey üzrə Azərbaycan dilində ilk kitab
Ölkəmiz ikinci dəfə öz müstəqilliyini bərpa edəndə həyatımızın bütün sahələrində millilik baxımından əsaslı dəyişikliklər başlandı. İdman.com.az saytının məlumatına görə, bu yeniləşmə elə idmanımıza da sirayət etdi. Keçid dövrü çox çətin oldu. Xüsusilə də uzun illər məşğələləri rus sözlərindən istifadə etməklə quran məşqçilər kifayət qədər çətinliklərlə üzləşdilər. Bir vaxtlar yalnız Bakı və Sumqayıt şəhərlərində inkişaf etdirilən olimpiya idman növü olan otüstü hokkeyə müstəqilliyimizdən bir qədər sonra respublikamızın müxtəlif bölgələrində həvəs göstərilməyə başlandı.

Artıq Astara, Lənkəran, Masallı və Cəlilabad rayonlarında, Şəkidə, Gəncə və Mingəçevir şəhərlərində, Qusarda otüstü hokkey bölmələrində kifayət qədər oğlan və qız məşğul olur. Maraqlı da olsa, hazırda həmin qruplara rəhbərlik edən məşqçilər də gənclərdir və onlar məşğələləri yalnız səlis Azərbaycan dilində qurmağa çalışırlar. Bunun üçünsə milli dildə yazılmış tədris ədəbiyyatlarına ehtiyac duyulurdu.

Xeyli davam edən bu boşluq nəhayət ki, doldurulmağa çalışılıb. Bunu Otüstü Hokkey Federasiyasının mətbuat xidmətinin rəhbəri Yaqub Nuriyev və əməkdar məşqçi Ramiz Əliyev ediblər. Müəlliflər cari ədəbiyyatda müasir hokkey ölkələrində otüstü hokkey məşqlərinin təşkilinə istinad edərək, idman məktəblərinin müxtəlif tədris qruplarına ayrılan saatların miqdarı, ayrı-ayrı illərdə məşğul olanlar üçün nəzəri hazırlığın mövzuları, fiziki, texniki, taktiki və psixoloji hazırlıqların inkişaf etdirilməsi üçün nümunəvi dərslərə kifayət qədər yer ayırıblar.

Xəbər 1225 dəfə oxundu.