18 idmançımız Karate 1 Premyer Liqasına yollandı
Azərbaycan milli komandası Dünya Karate Federasiyasının (WKF) nüfuzlu Karate 1 Premyer Liqasına yollanıb. İstanbulda 3-4 sentyabr tarixlərində yarışda 18 idmançımız iştirak edəcək.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 1-ci vitse-prezident Rəhman Hətəmov, baş katib Mir-Cabbar Seyidov olmaqla milli komandanın məşqçilərindən Şahin Xudaverdiyev, Rəşad Hüseynov (kumite) və Vahid Ayvazovdan (kata) əlavə beynəlxalq hakim Anar Allahverdiyev də var.

Milli komandanın əsas və əvəzedici heyəitndən kumite yarışlarında Firdovsi Fərzəliyev, Tural Ələkbərli, Ceyhun Mustafayev, Elvin Əhmədli (-60 kq), Niyazi Əliyev, Tural Ağalarzadə, Rafiz Həsənov, Şahin Quluzadə, Məhəmməd İsmayılov (-67 kq), eləcə də Rafael Ağayev (-75 kq), Ayxan Mamayev, Turqut Həsənov (-84 kq), Şahin Atamov, Asiman Qurbanlı, Əli Cəfərov və Orxan Heydərli (+84 kq) yer alıb. Qadınlardan isə İlahə Qasımova, Aytac Əliyeva (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) heyətə daxil edilib.

Kata çıxışlarında Roman Heydərov, Ədilə Qurbanova və Neda Rezai, həmçinin fiziki qüsurlu idmançılar arasında Ülvi Zeynallı ilə Sahib Əhədov tatamiyə çıxacaq.

Türkiyədə WKF-in bu mötəbər Premyer Liqa turnirində 54 ölkədən 483 karateçi iştirak edəcək. Kişilərdə -60 kq, -67 kq və -75 kq, qadınlarda isə -50 kq, -55 kq, və -61 kq çəki dərəcələrinin, həmçinin kata yarışlarının qalibləri şənbə günü, qalan çəki dərəcələrində mükafatçılar isə ertəsi gün məlum olacaq.

Xəbər 1026 dəfə oxundu.