“Qəbələ” klubu xorvatiyalı yarımmüdafiəçini heyətinə cəlb edib
“Qəbələ” klubu “transfer pəncərəsi”nin son günündə heyətinə daha bir yeni futbolçu qatıb.

Hücum xəttini Ruslan Qurbanov ilə gücləndirən “qırmızı-qaralar” xorvatiyalı yarımmüdafiəçi Petar Franyiçlə də anlaşıblar. İyirmi beş yaşlı orta sahə oyunçusu ilə ikiillik müqavilə imzalanıb.

Futbolda ilk addımlarını “Kroatia Sesvete” klubunda atan cinah yarımmüdafiəçisi 17 yaşında Xorvatiyanın ən titullu komandası olan Zaqreb “Dinamo”sunun gənclərdən ibarət heyətinə cəlb edilib. Peşəkar karyerasına da bu klubda başlayan Franyiç 2010-2014-cü illərdə “Dinamo”ya məxsus olub. O, bu müddətdə icarə əsasında “Lokomotiv” (2010-cu il), “Radnik” (2010-2013-cü il) və “İstra”nın (2013-cü il) formasını geyinib.

“Dinamo” ilə müqaviləsi başa çatandan sonra futbolçu “İstra” (2014-2015-ci il) və “Split”də (2015-2016-cı il) çıxış edib. P.Franyiç Xorvatiya çempionatının yüksək liqasında 66 oyunda 10 qol vurub.

Xəbər 668 dəfə oxundu.